image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

AZƏRBAYCAN DİLİ:

SSRİ-nin Üç Dövlət Dillərindən Biri

21 Sentyabr, 2018 | | Müəllif: admin
Mirza Ibrahimov
1956-cı ildə Azərbaycan dilinin dövlət dili elan edilməsinin əsas təşəbbüskarı görkəmli yazıçı və ictimai hadim Mirzə İbrahimov.

1956-1990-cı illərdə Sovet ittifaqında yalnız üç dil rəsmən dövlət dili statusuna malik idi: Azərbaycan, gürcü və erməni dilləri. Bu dillərin rəsmi dövlət statusu Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-nin Konstitusiyalarında öz əksini tapmışdı.

Monument to Mother Tongue
"Ana dili abidəsi" 2004-ci ildə Naxçıvanda ucaldılmış unikal abidələdən biridir.

Baltikyanı respublikalar da içində olmaqla, SSRİ-nin bütün başqa respublikaları belə bir uğura nail ola bilməmişlər. Nə eston, nə latış, nə də litva dilləri rəsmi, konstitusyon dövlət dili statusuna malik deyildi. Maraqlısı odur ki, rus dilinin özü də faktiki olaraq SSRİ-nin əsas dövlət dili kimi fəaliyyət göstərsə də, SSRİ Konstitusiyasında sadəcə millətlərarası ünsiyyət dili kimi müəyyənləsdirilirdi, və yalnız 1990-cu ildə ona konstitusyon "dövlət dili" statusu verildi. Bu, V.İ.Leninin proletar beynəlmiləlçiliyə zidd hesab etdiyi "icbari dövlət dili" ifadəsinin qatı əleyhdarı olması ilə bağlı idi 1.

Slavyan respublikalarından heç danışmağa da deyməz: Ukrayna və belarus dillərinin nəinki rəsmi statusu yox idi, SSRİ-də onları: "rus dilinə oxşayan gülməli dillər", "korlanmış rus dili", "gülməli rusca", "kəndçi dili" adları ilə anekdot və gülüş mənbəyinə çevirmişdilər. Ukrayna millətçiliyinin birinci əleyhdarı özü əslən ukraynalı olan SSRİ rəhbəri rusdilli Nikita Xruşşov idi.

Belarus dilinin başına isə əsl fəlakət gəldi. Onun olmayan dövlət dili statusu bir yana qalsın, o dildə çüzi sayda orta məktəb var idi, ali təhsil isə heç yox idi və indinin özündə də yoxdur. Hal-hazırda Belarus ucdantutma rusdilli ölkədir, rəsmi tədbirlər heç zaman milli dildə keçirilmir və hətta kəndlərdə əhali artıq ancaq rusca danışır 2.

Orta Asiyada respublikalarında da (Qazaxstan, Qırğızstan, Özbəkistan, Türkmənistan və Tacikistan) Sovet dövründə milli dillərin rəsmi dövlət statusu yox idi. Ədalət naminə demək lazımdır ki, Orta Asiya dilləri arasında yalnız yazı mədəniyyətinə və qədim ədəbiyyata malik özbək və tacik dilləri rəsmi sferada işlənəbiləcək səviyyədə inkişaf etmişdilər və onların rəsmi dövlət statusları olmasa da, onlar Sovet dövründə dövlət idarələrində, orta və ali təhsil ocaqlarında geniş istifadə olunurdular.

Turkmen girls
Komsomolçu müəllimə gənc türkmən qızlarına əlifba dərsi keçır. 1931 il.

Qazax və qırğız dillərinə gəlincə isə, o dillərdə tarixən heç zaman sənədləşdirmə və dəftərxana işləri aparılmayıb, təhsil də olmayıb. Sovet dövründə orada milli ibtidai və orta təhsil məktəbləri yaradılsa da, onlar çox az olub: yüz rus məktəbinə cəmi bir milli məktəb düşürdu. Qazaxstanda milli dildə ali təhsil yaratmaq cəhdləri yalnız 1950-ci illərdə başlayıb və əsasən uğursuz olub. İndinin özündə də, 27-illik müstəqillik dövründən sonra, Qazaxstan və Qırğızıstanda milli dillər hələ də əsl dövlət dili seiyyəsinə yüksələ bilməyib, və əsas rəsmi dil vəzifəsini hələ də rus dili yerinə yetirir.

Kazakh schildren
1940-cı illərdə Qazaxstanda qazax uşaqları rus məktəbində dərs keçir.

Azərbaycandan əvvəl SSRİ-də yalnız erməni və gürcülər öz milli dillərini dövlət dili elan etməyə müvəffəq olmuşlar. 1921-ci ilin Azərbaycan SSR və 1922-ci ilin Ermənistan SSR Konstitusiyalarında dillərin istifadəsi haqqında maddələr yox idi, və yalnız 1922-ci ildə qəbul olunmuş Gürcüstan SSR Konstitusiyasının 6-cı maddəsı gürcü dilini birbaşa dövlət dili elan edirdi: "Gürcüstanın dövlət dili gürcü dilidir". Lakin 1922-ci ilin dekabrında Zaqafqazya Federasiyası yaranandan sonra, o bənd gürcü Konstitusiyasından götürüldü. Gürcü və erməni dillərinin dövlət statusu yalnız 1937-cı illərdə qəbul olunmuş yeni Ermənistan SSR və Gürcüstan SSR Konstitusiyalarında bərpa olundu. Məslən, 1937-ci ildə qəbul olunmuş Gürcüstan SSR Konstitusiyasında gürcü dilinin dövlət dili statusu birmənalı təsdiq edilmisdir:

"Maddə 75. Gürcüstan Sovet Sosialist Respublikasının dövlət dili gürcü dilidir. Gürcüstan SSR gürcü dilinin hərtətəfli inkişafına dövlət qayğısı göstərir və onun dövlət, ictimai, mədəniyyət və təhsil müəssisələrində istifadəsini təmin edir" 3.

Ermənistan və Gürcustandan fərqli olaraq, 1937-ci ilin Azərbaycan SSR konstitusiyasına dövlət dili haqqında bənd əlavə edilməmisdir. Lakin 1953-cü ildə Stalin repressiyaları dövrü bitəndən, Xruşşovun islahatlar dövrü başlayandan sonra, milli şüuru kifayət qədər inkişaf etmiş başqa sovet xalqları da öz milli və dil hüquqlarının müdafiasinə qalxaraq, Moskvanın dil siyasətinə qarşı bir növ üsyana başladılar.

1950-ci illərin ortalarında öz milli dillərinin müdafiəsinə qalxan respublikalar aşağıdakılardır: Azərbaycan SSR və Latviya SSR. Bu üsyanın təşəbbüskarları da həmin respublikaların ziyalıları və dövlət rəhbərləri idi. Özü də, birinci ayağa qalxan məhz Azərbaycan oldu və ən böyük təzyiqlərlə də məhz o qarşılaşdı. Eston SSR və Litva SSR kifayət qədər inad göstərmədilər. Başqa sovet respublikalarından da, nə Ukraynada, nə Belarusdan, nə Moldovadan, nə də Orta Asiyadan bir səs çıxmadı. Ardıcıl addım atanlar ancaq Latviya və Azərbaycan oldu. Bu ölkələrin rəhbərliyi milli dillərə dövlət dili statusu vermək prisedurlarına başladılar.

Təşvişə düşmüş Moskva əkshücuma keçdi və əsasən bu cəhdlərin qabağını ala bildi. 1959-cu ildə Latviyada qəbul olunmuş bütün məmurların icbarı latış dilini öyrənməsi haqında qanuna cavab olaraq, Moskva Latviya rəhbərliyi arasında "təmizləmə" proseduruna başladı. Latviya KP I katibi Yanis Kalnberzin və baş nazir, məşhur latış yazıçısı Vilis Latsis vəzifələrindən azad edildilər. Latış dilinin dövlət dili elan olunmasına imkan verilmədi 4.

Mirza Ibrahimov and Vilis Lacis
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov (solda) və Latviya SSR Nazirlər Şurasının sədri Vilis Latsis. Hər ikisi görkəmli yazıçı və tanınmış ziyalı və hər ikisi milli dilin dövlət dili elan edilməsinin təşəbbüskarları idi. Hər ikisi də təhminən eyni vaxtda Moskvanın sərəncamı ilə vəzifələrindən uzaqlaşdırıldı: İbrahimov 1958-ci, Latsis - 1959-cu ildə.

Moskvanın əkshücumu hər yerdə uğur qazandı, Azərbaycandan başqa. 1956-cı il avqust ayının 21-də Azərbaycan SSR Ali Soveti "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun" qəbul etdi. Bu qanuna əsasən, Sovet dövründə ilk dəfə olaraq Azərbaycan dili Azərbaycan SSR-nin dövlət dini elan edildi. Bu mühüm addım həmin dövlət qurumunun rəhbəri Mirzə İbrahimovun və Azərbaycan KP MK-nın Birinci Katibi İmam Daşdəmir oğlu Mustafayevin təşəbbüsü və fəal iştirakı nəticəsində mümkün oldu.

Qanunun mətnindən: MADDƏ 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın: "Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir."

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M. İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S. Cəfərov Bakı səhəri, 21 avqust 1956-cı il 5.

Azəbaycanın layiqli oğlu, görkəmli yazıçı və ictimai hadim Mirzə İbrahimov Azərbaycan dilinin dövlət dili elan edilməsinin əsas təşəbbüskarıdır. Mirzə İbrahimov və İmam Mustafayev vəzifədə olduqları dövrdə idarə və müəssisələrdə kargüzarlığın rus dilindən Azərbaycan dilinə keçirilməsi istiqamətində tədbirlər görürdülər.

1959-cu il iyun ayınında Azərbaycanda bütün dövlət məmurlarının millətindən asılı olmayaraq icbari şəkildə Azərbaycan dilinin öyrənilməsi və sonra da bu dildən imtahan verməsi haqqında qanun qəbul edilmişdir. Buna cavab olaraq, rusdilli əhali, erməni və ruslar Moskvaya minlərlə şikayət məktubu göndərdilər. Moskva dərhal reaksiya verdi.

Xruşov və Mustafayev
1959-ci il iyun ayının 1-də SSRİ rəhbəri Nikita Xruşşov SOVİKP MK-nın Rəyasət Heyətinin iclasını çağırır. Həmin iclasa Azərbaycanın rəhbəri İmam Mustafayev dəvət olunur və, millətcilikdə ittiham olunaraq, şiddətli tənqid atəşinə tutulur. N.Xruşşov İ.Mustafayevə: "Siz kommunist deyilsiniz! Kommunist partiyasının nə məqsədlərini nə də siyasətini başa düşürsünüz. Bəlkə yaxşı bioloq-seleksionersiniz. Ona görə bizim söhbətimiz iki karın söhbətinə oxşayır: siz bir şeyi deyirsiz, mən başqa şey başa düşürəm. Sizin kimi adamın Azərbaycan partiya təşkilatına rəhbərlik etməsi, təşkilat üçün böyük fəlakətdir!" 6.

1959-cu il may ayının 12-də İmam Mustafayev "bacarıqsızlıqda" ittiham edilərək vəzifəsindən azad edildi və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosu üzvlüyündən çıxarıldı. Əsas ittihamlar: Azərbaycan dilini dövlət dili elan etməsi, bütün idarələrdə işi rus dilindən Azərbaycan dilinə keçirməyə çalışması, dövlət idarələrində işçiləri zorla Azərbaycan dilini öyrənməyə və ondan imtahan verməyə məcbur etməsi və s. Ondan bir il əvvəl, 1958-ci ildə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Mirzə İbrahimov da millətçilikdə ittiham edilərək vəzifəsindən azad edilmişdi. Lakin dil haqqında qəbul edilmiş qanun öz qüvvəsini itirmədi və Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasında dövlət dili olaraq qaldı.

İndi isə məsələnin tarixinə qısa nəzər salaq. 1918-ci il may ayının 28-də Cənubi Qafqazda Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti, AXC) quruldu. 1918-ci il iyunun 27-də Azərbaycan hökumətinin qərarı ilə türk (Azərbaycan) dili AXC-nin dövlət dili elan edildi. Məktəblərdə tədris türk (Azərbaycan) dilində aparılmağa başladı. Lakin Cümhuriyyətin az yaşaması və Azərbaycanın 1920-ci il aprelin 28-də Qızıl Ordu tərəfindən işğal olunması bu işi bitirməyə imkan vermədi.

Farman
Türk (Azərbaycan) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi haqqında fərman. 27 iyun 1918-ci il.

Bolşeviklərin ruspərəst siyasətinə baxmayaraq, Azərbaycan SSR-idə dilimiz inkişaf etməkdə davam edirdi. Belə ki, 1920-ci il avqustun 16-da Azərbaycanın İnqilab Komitəsi "1-ci və 2-ci pilləli məktəblərdə dillərin tədrisi haqqında" fərman qəbul edərək türk (Azərbaycan) dilinin həftədə 4 saat həcmində icbari tədrisinə qərar verdi.

1921-ci ilin iyununda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) ikinci sessiyasında bir sira ali məktəblərdə və texnikumlarda Zaqafqaziya xalqlarının əsas dillərinin, o cümlədən türk dilinin, eləcə də həmin xalqların tarix və mədəniyyətinin icbari tədrisi haqqında qərar qəbul edildi. Gələn günü Azərbaycan SSR MİK-si respublikanın dövlət idarələrinin milliləşdirilməsi, o cümlədən dövlət orqanlarında kargüzarlığın və yazışmanın türk (Azərbaycan) dilində aparılması haqqında qərar qəbul etdi. AzMİK nəzdində azərbaycan elmi terminologiyasının işlənib hazırlanması üzrə Mərkəzi Komissiya təşkil edildi.

Bütün bunlara baxmayaraq, Sovet dövründə yalnız Ermənistan və Gürcüstan öz Konstitusiyalarına dövlət dili haqqında bəndlər əlavə edə bildi. Azərbaycanda isə XX əsrin yarısına qədər Azərbaycan dili idarə və təhsil ocaqlarında az-çox işlənsə də, onun heç bir rəsmi statusu yox idi. Azərbaycan dilini dövlət dili elan etməyə ilk cəhdlər 1940-cı illərin sonu - 1950-ci illərin əvvələrində respublikanın o vaxtkı rəhbəri Mircəfər Bağırova məxsusdur. Onun göstərişi ilə respublikanın bütün idarə və müəssisələrində kargüzarlığın Azərbaycan dilinə keçirilməsi üzrə komissiya təşkil olundu. Lakin Bağırovun vəzifədən uzaqlaşdırılması və sonrakı həbsi səbəbindən bu iş yarımçıq qaldı.

Yalnız 1956-cı il avqustun 21-də Respublika rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına əlavələr haqqında qanun qəbul olunmuş və Azərbaycan dili respublikanın dövlət dili elan edilmişdi.

1978 ildə, Yeni Konstitusiyanın qəbulu ərəfəsində, Sovet hökuməti Zaqafqazyada milli dillərin dövlət statusunu ləğv etmək qərarına gəldı. Üç respublikanın konstitusilalarından dövlət dilləri haqqından maddələr götürülməli və SSR-nin yeganə dövlət dili rus dili elan olunmalı idi. Yeni konstitusiyanın layihəsi Azərbaycan ziyalıları və tələbələri arasında güclü etiraz yaratdı. Gürcüstanda bu etiraz kütləvi xarakter aldı: on minlərlə tələbə küçələrə çıxdı. Mərkəzi hökumət geriyə çəkilməli oldu və dövlət dili haqqında bənd Zaqafqazya respublikalarının Konstitusiyalarında qaldı.

1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin yeni Konstitusiyanın 73-cü bəndi də Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq etdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət dili elan edildi.

_________________________________

1 Lenin. İcbari dövlət dili lazımdırmı? (Ленин. Нужен ли обязательный государственный язык? // Из цикла «Статьи по национальному вопросу». Дата создания: 1914, опубл.: Газета «Пролетарская Правда» № 14 (32), 18 января 1914 г. Источник: Полное собрание сочинений В. И. Ленина, 5-е издание, т. 24)
2 2009-cu il Belarus Respublikasında əhali siyahıyaalınmasının yekunlar Bülleteni (Бюллетень по итогам переписи населения Республики Беларусь 2009 года. — Распределение населения Республики Беларусь по национальности и родному языку.  Минск, 2009).
3 Gürcüstan SSR-nin Konstitusiyası. Tbilisi, 1937-ci il. // Rus dilində: Конституция Грузинской ССР. Tbilisi, 1937.
4 Qazıyev S.Ş. Sovet milli siyasəti və Qazaxstanda millətlərarası münasibətlərdə etibar problemləri (1917-1991). (Казиев С. Ш. Советская национальная политика и проблемы доверия в межэтнических отношениях в Казахстане (1917—1991 годы). Диссертация на соискание ученой степени доктора исторических наук. — М.: Б.и., 2015. — С. 405).
5 "Kommunist" qəzeti, 25 avqust 1956-cı il.
6 L.M.Mlechin. Dəmir Şurik. Moskva, 2004 (Л.М.Млечин. Железный Шурик. Москва, 2004 Url: http://www.e-reading.club/chapter.php/39546/32/Mlechin_-_Zheleznyii_Shurik.html