Yapon folklorunda 'Baku' (獏) adlı xeyirxah, qoruyucu ruh haqqında rəvayətlər var. Yaponlar inanırlar ki, fantastik heyvan şəklində təsvir olunan bu ruh pis yuxuları və qarabasmaları dəf etmək gücünə malikdir.
Bu inanc Yaponiyaya Muromati dövründə (XIV-XV əsrlər) Qədim Çindən gəlmişdir. Gecələr pis yuxu görüb qorxudan oyanan yaponlar, "Baku, Baku!" deməklə bu ruhu köməyə çağırırlar. Həm qədim yapon miniatürlərində, həm də müasir təsviri sənət əsərlərində bu mistik heyvanın şəkillərinə rast gəlmək olar.
Yapon əfsanəsinə görə, tanrılar bütün heyvanları yaradandan sonra, artıq qalmış kəsiklərdən Bakunu yaratdılar. Ona görə də Baku öz simasında müxtəlif, bir-birindən fərqli heyvanların cizgilərini birləşdirir.
XVII əsrin əvvəllərinə aid "Sankai İbutsu" (山海異物) əlyazmasında Bakunun şəkli verilmisdir. Bu şəkildə o, fil xortumlu, kərgədan gözlü, öküz quyruqlu, pələng pəncəli, qorxunc sifətli quruyucu ruh kimi göstərilir. Lakin onun xeyirxah və utancaq olduğu qeyd edilir.
1791-ci ildə yaradılmış başqa bir yapon miniatüründə isə pis yuxuları və kabusları yeyən Baku fil başlı və fil dişli, başı buynuzlu, pələng dırnaqlı məxluq şəklində təsvir olunmuşdur. Baku ruhunun buna bənzər təsvirlərini klassik yapon divarüstü rəsmlərində görmək olar.
Xalq inanclarına görə, əgər bir usağı yuxuda qara basarsa, və o qorxudan oyanarsa, mütləq oyanan kimi üç dəfə "Baku-san, gəl yuxumu ye!" deməlidir. Baku uşağın otağına girib pis yuxunu yeyəcək, və uşaq rahatlıqla yata biləcək. Pis yuxuları, qarabasmaları önləmək üçün Bakunu yuxuya getməzdən əvvəl də köməyə çağırırlar.
Lakin bu ruhun yardımından sui istifadə etmək olmaz - onu yalnız fövqəladə hallarda köməyə çağırırlar. Bunun üçün qarabasma kifayət qədər güclü olmalıdır. Çünki Baku, pis yuxuları yeyəndən sonra doymayıb ac qalarsa, adamın ümid və arzularını da yeyərək, onu boş, mənasız həyat sürməyə düçar edə bilər.
Müasir zamanda da yaponiyalı valideynlər uşaqları pis yuxulardan və kabusdan qorumaq ücün onların yataq otaqlarında Bakunun fiqur və şəkillərini yerləşdirirlər.