Zaman keçdikcə millət və xalqların ad, dil və milli mədəniyyətləri də müəyyən deyişikliklərə uğrayır. Deyilənlər "türkmən" etnoniminə də aiddir. Keçmişdə o, təkcə Türkmənistan türkmənlərinə deyil, oğuzların cənub yaxud oğuz-səlcuq qolunun bütün nümayəndələrinə (İslam dinini qəbul etmiş oğuzlara) aid edilirdi. İndinin özündə də İraq və Suriyada yaşayan türkmənşəli tayfalar özlərinə "türkman" deyirlər. Beləliklə, oğuz tayfa və xalqlarının geniş dairəsi tarixən "türkmən" ("türkman") adını daşıyırdı. "Türk xalqları" isə daha geniş anlayışdır. Buraya oğuzlarla yanaşı, türk xalqlarının qıpcaq, karluk və oğur (hun-bulqar) qollarının nümayəndələri də aiddir.
"Türkman" sözünə ilk dəfə Mahmud Qaşqarinin "Divani-lügətüt-türk" (1074 il) əsərində rast gəlinsə də, onun geniş yayılması XIV-XV əsrlərdə başlayır. Həmin dövrdə bu ad müsəlman köçəri oğuz tayfalarına şamil edilirdi. Türkiyə türklərinin bir qismi (Şərqi Anadoluda yaşayan köçəri türkman tayfaları, yörüklər, qarapapaqlar və s.), Azərbaycan türkləri, Türkmənistan türkmənləri, Xarəzm və Xorasan türkləri, qaşqaylar, İranın köçəri oğuz tayfaları, İraq və Suriya türkmanları keçmişdə "türkmən" yaxud "türkman" adlandırılırdı. Xristian qagauzlar və daha çox əkincilik və ticarətlə məşğul olan Krım tatarlarının yalıboylu soyu, oğuz olmalarına baxmayaraq, "türkman" hesab edilmirdilər.
"Türkmən" və "türkman" sözlərinin fərqi nədədir? Sözün ilkin forması, şəkki-şübhəsiz, "türkmən"dir. Türkmənlərin özləri bu sözü "türkmən" (ترکمن) formasında işlədirlər, farslar isə onu "torkemən" kimi tələffüz edirlər. Yalnız ərəb dilində "Türkmən" sözü "Turkman" kimi tələffüz olunur və yazılır. Özü də, ərəb dilində "türkman" kəlməsi həm tək, həm də cəm şəklində istifadə olunur (türkmən, türkmənlər). "Türkman" (ترکمان) formasında tələffüz türk dilində yarana bilməzdi, cünki türk dilləri üçün mütləq olan ahənq qanununa ziddir. Bu qanuna görə türkmənşəli sözlərdə "ü" saitindən sonra növbəti sait "a" ("türkman") ola bilməz, mütləq "ə" ("türkmən"), yaxud "e" ("türkmen") olmalıdır.
İndi isə "tərəkəmə" sözünün mənşəyindən söz açaq. Ehtimala görə, köhnə ərəb dilində "türkmən" sözünün cəm şəkli iki formada olub "türkman" (ترکمان) və "tərəkəmunə" (تركمون). Sami dillərində cəm şəkli təkcə şəkilçilər vasitəsi ilə deyil, sözün strukturunun deyişməsi ilə də alınır. Məsələn, "türk" sözünün cəm şəkli "ətrak" (اتراک), "türkmən" sözünün isə "türkman" və "tərəkəmunə"dir. Sonuncu variant hal-hazırda ərəb dilində istifadədən çıxıb, "türkman" sözü isə ərəbcə həm tək, həm də cəm şəkli bildirir. Beləliklə, “tərəkəmə” sözü "türkmən" sözundən yaranıb1.
Yaxın Şərqdə, Suriyada, İraqda yaşayan türkmənlərə indinin özundə də "türkman" deyirlər. Onlar dil, məişət və mədəniyyət baxımından Orta Asiya türkmənlərindən fərqlənərək, Azərbaycan türklərinə yaxındır. Orta əsr Avropa mənbələrində bu tayfalar “turcoman” adı ilə qeyd olunurlar.
"Türkmən"/"türkman" adının Azərbaycanda istifadədən çıxmasının səbəbi ortaəsr türkmanlarının arasında ümummilli özünüdərk hissinin tam formalaşmaması, bu və ya digər qəbilə üzvlərinin özlərini daha çox tayfa və ümmət (dini icma) müstəvidində dərk etmələri ilə bağlıdır. Konkret bir oğuz tayfasının nümayəndəsi özünü ümumiləşdirilmiş "türkmən", "türkman", "oğuz", "türk" kimi yox, daha çoх mənsub olduğu tayfanın nümayəndəsi (bayat, oğuz, əfşar, padar, cavanşir, qacar və s.) və müvafiq dini məzhəbin tərəfdarı (şiə, ələvi, hənəfi sünni, şəfeyi sünni və s.) çərçivəsində dərk edirdi.
Ondan başqa, nə osmanlılarda, nə də I Şah Abbasdan sonrakı səfəvilərdə "türkmən"/"türkman" və "türk" etnonimləri ölkə içində rəsmi milli ad kimi istifadə olunmurdu. Osmanlıda "osmanlı" və "müslüman", Səfəvi dövlətində isə "müsəlman", "əhli-şiə" və "qızılbaş" adları daha geniş yayılmışdı. Adətən, insanlar özlərinı "müsəlman", "şiə", "sunni" kimi təqdim etdikdən sonra, soy və qəbilə mənsubuyyətlərini bildirirdilər: "bayat", "şamlu", "afşar", "qacar", "qarapapaq" və s. Məsələn, "Oruc bəy Bayat", "Murtuzaqulu xan Şamlu", "Sadiq bəy Əfşar" və s. Ölkə, vilayət və şəhər adları da əlavə edilə bilərdi. Məsələn, Hacı Süleyman Qacar İrəvani.
Bununla belə, Osmanlı arxiv sənədlərində oturaq həyat sürən əhalidən fərqli olaraq, köçəri və yaxud yarım-köçəri tayfalar "türkmən" yaxud "yörük" adı altında qeyd olunur2.
Səfəvi dövlətində yaşamış türkman tayfaları Oruc bəy Bayatın eyni adlı kitabında sadalanır3. Bu tayfalardan yalnız biri bilavasitə "türkman" adlandırılıb, qalanları isə öz tayfa adları ilə qeyd olunur.
Bütün bu tayfalar qonşu xalqlar və xüsusən də avropalılar arasında "türkman" ("turcoman") adı ilə tanınırdı. XV-XVII əsrlərdə avropalılar "türk" və "türkman" sözlərini fərqli mənalarada işlədirdilər. Məsələn, italyanlar yalnız osmanlılara "türk" ("turco") deyirdilər, ağqoyunlu yaxud qaraqoyunlu tayfalarını isə "türkman" ("turcomanno") adlandırırdılar.
Məhz ona görə Osmanlı dövlətinin qaraqoyunlu, ağqoyunlu və digər türkman tayfalarının yaşadığı ərazilər (Şərqi Anadolu) köhnə Avropa mənbələrində "Turcomania" adlandırılır. Ağaşıda gördüyünüz XIX əsr alman xəritəsində "turcomanien" ("türkmanlar") Ərzurum-Qars bölgəsində yerləşdirilib.
Azərbaycan da içində olmaqla Cənubi Qafqaz, Şimalı İran və Şərqi Anadoluda yaşamış qızılbaş-türkman döyüşçülərinin hərbi geyimləri dünya muzeylərində adətən "türkman silahları" adı altında nümayiş etdirilir. Berlinin İslam incəsənəti muzeyində saxlanılan türkman silahlarını nümunə kimi göstərmək olar.
Tayfa psixologiyasının hökmranlığı səbəbindən Türkmənistan Respublikasının özündə də "türkmən" etnonimi ümummilli ad kimi yalnız keçən əsrin əvəllərində adiləşib. Bu günə qədər məişət səviyyəsində əhali bir-birini daha çox qəbilə adları ilə tanıyır: təkə, yomud, ərsarı, yazır, əlili, salır (salar), çovdur, göklən və s.
Hal-hazırda “türkman” adını dil və mənşə baxımından Azərbaycan türklərinə yaxın İraq və Suriya türkmanları qoruyub saxlayıblar.
İraq türkmanlarının yaşadıqları əraziyə "Türkmaneli" deyirlər. Bu ərazilərin bəzilərində türkmanlar kürdlər və ərəblərlə qarışıq yaşayır. Saylarına görə türkmanlar İraqda ərəblərdən və kürdlərdən sonra üçüncü yerdədirlər.
Hal-hazırda Ərbil şəhəri İraqın tərkibində olan muxtar Kürdüstan dövlətinin paytaxtıdır. Kürd (kurmanc və sorani dialektləri), ərəb, aysor və erməni dilləri ilə yanaşı, türkman dili də Kürdüstanın rəsmi dillərindən biridir.
1 Баскаков Н. А. Карапапахи, или терекеме, и изучение их языка (из материалов по азербайджанским диалектам Армении) // Краткие сообщения Института народов Азии. Вып. 65. — М.: «Наука», 1964. — С. 27
2 Aksoy, Erdal. Günümüz Kırıkkale Karakeçili Yörüklerinin Aşiret Yapısı. Hacettepe Üniversitesi Türkiyat Araştırmaları, No 1, s. 165-178.
3 Книга Орудж-бека Баята — дон Жуана Персидского (1988) / Перевод и комментарии О. Эфендиева и А. Фарзалиева. Баку: Язычы., стр. 12–37