image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

VİKİNQLƏRİN XƏZƏR YÜRÜŞLƏRİ

26 Avqust, 2016 | Müəllif: admin
image 2

Orta əsrlərdə Avropanın sahilkənarı ərazilərini vahiməyə salan cəngavər Skandinaviya vikinq tayfaları Xəzər dənzindən də yan keçməmişlər. IX-X əsrlərə aid ərəb- və farsdilli mənbələr Xəzər dənizinin sahillərinə vaxtaşırı hücum edən "ruslar" haqqında xəbər verir. Həmin qaynaqlarda söhbət bugünün slavyan ruslarından deyil, vikinglərdən gedir. Adı çəkilən "ruslar", Novqorod və Kiyevdə hakimiyyəti ələ almış skandinaviyalı Rürik sülaləsinin nümayəndələri idi.

İlkin mərhələdə "rus" dəstələri əsasən vikinqlərdən ibarət idi, lakin tədricən onların tərkibinə vikinqlərin tabeçiliyində olan slavyanların və başqa xalqların nümayəndələri də qatılmağa başladı. Yürüşlərə vikinqlər rəhbərlik edirdi, lakin dəstələrin etnik tərkibi qarışıq idi.

"Rus" sözünün mənşəyi də maraqlıdır. Bu ad altında müasir ruslar deyil, slaylanlara hökmranlıq etmiş "rus" adında qədim Skandinaviya tayfası nəzərdə tutulurdu. "Rus" sözünün island dilinin "ropskar" və "ropsmenn" ("dənizçi", "avarçı"), yaxud fin dilinin "ruotsi" ("avarçı") sözlərindən yaranması ehtimal olunur.

Sonrakı dövrlərdə "rus" adı slavyanlara da şamil edilməyə başladı. Beləliklə də, bu söz müasir rus xalqının etnoniminə (milli adına) çevrildi. Ölkəyə gəlmiş skandinavların orada yaşayan sayı slavyanların sayından qat-qat az idi, və XI əsrdən sonra vikinglər özlərinə tabe etdiyi əhali ilə qarışaraq, onların arasında ərimərə başladılar.

Rus (Русь) adını daşıyan ilk rus dövləti 862-ci ildə skandinavıyalı konunq (kral) Rürik tərəfindən yaradılmışdı. Hərc-mərclik, tayfalararası müharibələr dövrünü yaşayan və öz gücləri ilə xaosun qarşısını ala bilməyən Novqorod şəhərinin slavyan və fin-uqor əhalisi cəsur və döyüşkən skandinayıyalı kral Rüriki ölkəyə çağırdılar və onlara padşahlıq etməyə dəvət etdilər. Novqorodda hakimiyyətə gəldiyi il Rürik, sərkərdələri Askold və Dir ilə, həm də Kiyev şəhərini tutdu və bununla da Kiyev Rus dövlətinin əsasını qoydu.

V.M.Vasnetsov. "Varyaqların gəlişi". Yağlı boya, 1913-cü il. Sağ tərəfdə varyaqları (vikinqləri) ölkəyə dəvət edən Novqorod əhalisi, sol tərəfdə isə gəmi ilə dənizin o biri tayından gəlmiş vikinqlər təsvir olunub.

"Norman" ("şimal adamı") skandinav xalqlarına verilən qədim adlardan biridir. Rus dövlətinin normanlar (vikinqlər) tərəfindən yaradılması haqqında nəzəriyyə rus tarixşünaslığında "norman nəzəriyyəsi" adlanır. I Pyotr dövründən başlayaraq, rus tarixçi və ziyalıları "norman nəzəriyyəsi" ətrafında qızğın mübahisələr aparır. Məşhur Mixail Lomonosov içində olmaqla bir sıra millətçi rus ziyalıları norman nəzəriyyəsinin əleyhnə çıxırdılar. Onların fikrincə, bu nəzəriyyə rus dövlətinin qeyri-ruslar tərəfindən yaradılmasını iddia etməklə rus xalqını aşağılayır.

İndinin özündə də antinormançı rus müəlliflərinin bəziləri sübüt etməyə çalışırlar ki, Rürik mənşəcə slavyan olub və "rürik" sözünün özü qədim slavyan dilində, guya, "şahin" deməkdir. Heç bir fakta əsaslanmayan bu nəzəriyyə dogru olsaydı da belə, Rürikin qardaş və oğullarının niyə sırf skandinav adlarını daşımasını izah edə bilməzdi. Rürikin qardaşlarının adları Sineus və Truvor, oğullarının adları isə Helq (rus tələffüzündə - Oleq) və İnqerdir (rusca - İqor). Gördüyümüz kimi, bu şəxslərin dördü də qədim skandinav adlarını daşıyır. Bütün nəsli, o cümlədən doğma qardaşları və oğulları, skandinavıyalı olan bir adamın özü necə slavyan ola bilər?

"Rus" sözünün və Rürikin mənşəcə qeyri-slavyan olmalarında ruslar üçün aşağılayıcı bir şey yoxdur. Bir çox xalqların tarixində buna bənzər faktlar olub. Müxtəlif xalq və tayfaların tarix boyu bir-birinə təsir etməsi, bir-biri ilə qarışması, təbii haldır. Məsələn, "fransız" və "Fransa" sözləri almanmənşəli "frank" tayfasının adından yaranıb, Fransanın Normandiya vilayətinin adı isə "normanlar (vikinqlər) ölkəsi" deməkdir.

Rus dövlətinin əsasını qoymuş vikinglər XI əsrlərdən sonra slavyanların içində tam əriyir. Əvvəlcə sırf skandinavlara məxsus "rus" adı artıq slavyanlara da şamil edilməyə başlayır və, sonda rusların etnoniminə (etnik adına) çevrilir. Bununla belə orta əsrlərdə yalnız bugünkü Ukrayna ərazisində yerləşən "Kiyev Rusiyasına" "Rusiya" deyilirdi. Müasir Rusiya ərazisi isə XIII-XV əsrlərdə Qızıl Orda imperiyasının Moskva ulusunun tərkibində idi. Qızıl Orda dövləti parçalanandan və Moskva knyazlığı tam müstəqillik qazanandan sonra həmin əraziləri Avropa mənbələri "Moskoviya" yaxud "Moskva Tatariyası" adlandırmağa başladı.

Vikinqlərə "varyaq" deyən slavlanlar onlardan çox şeyi, o cümlədən, "ladya" adlı biryelkənli döyüş gəmilərini hazırlamaq sənətini öyrəndilər.

Rusların döyüş ladyası: 40-60 nəfərə qədər adam və 4,5 ton yük daşıya bilən 12-14 m uzunluqda avarlı-yelkənli gəmi. IX-X əsrlər (История корабля. Вып. 1, М., 1986).

Normanların Xəzər yürüşlərinə qayıdaq. Son zamanlara qədər, IX-XI əsrlərdə Xəzərdə "rus" adlı vikinqlərin mövcudluğu və onların etnik mənşəyi məsələsi dərindən araşdırılmamışdı. Bu məsələyə aydınlıq gətirmək üçün bir sıra orta əsr ərəbdilli və farsdilli mənbələr yenidən tədqiqata cəlb olundu.

Orta əsr müəllifi ət-Təbəriyə görə, vikinqlərin Xəzərə ilk yürüşü VII əsrdə baş vermişdi. Lakin digər ortaçağ müəllifləri bu hadisələrin IX-X əsrlərdə cərəyan etdiyini göstərir. Məsələn, X əsr ərəb müəllifi Əbülhəsən əl-Məsudi o dövrdə "rus" adı ilə tanınan viking dəstələrinin Şirvana yürüşündən xəbər verir.

IX əsrdən başlayaraq, "ladya" adlı kiçik gəmilərlə Şirvana hücum edən ruslar, ölkənin yaşayış məntəqələrini qarət və viran edirdi. Şirvanşahlar Xəzər dənizində Dərbənd və Bakı kimi böyuk limanlara və ticarət gəmilərinə malik olsalar da, onların hərbi donanması yox idi. Əvvəlki dövrlərdə Xəzər dənizi tərəfindən Şirvana hücümlar olmadığına görə şirvanşahlar hərbi donanma yaratmaq ehtiyacını duymurdu.

Makedoniyalı İsgəndər gəmidə. Nizami Gəncəvinin "Xəmsə" əsərindən miniatür. Şiraz minatür məktəbi. 1544-ci il. İstanbul, Topkapı muzeyi.

Rusların hərbi qələbələri şirvanşah Əli ibn Heysamın hakimiyyətini zəiflətdi və onun 917-ci ildə taxtdan salınması ilə nəticələndi. 943-cü ildə ruslar yenə də Şirvana hücum etdilər. Rus gəmiləri Kür çayı boyunca irəliləyib Bərdəyə yetişdilər. Şəhəri yandırıb, əhalini isə qılıncdan keçirib qarət edən ruslar bol qənimətlə ölkələlərinə qayıtdılar.

Dənizdən gələn təhlükə yerli hökmdarları hərbi donanma yaratmağa vadar etdi. XII əsrdə onların artıq hərbi gəmiləri var idi. Bu gəmilərin köməyi ilə Şirvanşah I Axsitan rusların növbəti hücumunu dəf etməyə müvəffəq oldu. 1175-ci ildə I Axsitanın hərbi gəmiləri Bakıya hücum etmiş rus donanmasını darmadağın etdi.

Şirvanşah I Axsitan Bakı limanında, Oqtay Sadıqzadənin rəsm əsəri (Milli Azərbaycan Tarix Muzeyi)

Xaqani Şirvani (1121-1199) şirvanşah I Axsitana həsr etdiyi mədhiyyəsində yazır ki, rus quldurları 73 gəmi ilə Şirvana hücum edərək, Ruinas (Sarı) adasının sahillərində lövbər saldılar və sonra da Kür çayı ilə üzüyuxarı qalxaraq, Ləmbərana yetişdilər. Eyni zamanda qıpcaq dəstələri Şirvana şimaldan basqın edib, Dərbəndi və Şabran qalalasını aldılar.

Təkbaşına düşmənlərlə bacarmayan Axsitan, öz qayınatasını, gürcü çarı III Georgini köməyə çağırmağa məcbur olur. Nəticədə birləşmiş sirvan-gürcü qoşunları həm rusları, həm də qıpçaqları darmadağın edib, Şabranla Dərbəndi geri aldılar. Ruslara qarşı döyüşlərdə Şirvan donanması xüsusi məharət göstərdi. Xaqani Şirvani Axsitanın bu qələbəsini tərifləyərək, yazır:

Böyük xaqanımız Əbülmüzəffər,
Zəfərçalanların önündə gedər.
Xəzran ordusuna qələbə çalmış,
Boynuna Xizərən kəməndi salmış...
Göylər qılıncına göstərdi mədəd,
Fəth oldu əliylə Şəbəran, Dərbənd.

Bu dövrdə vikinglər Rusiyada tamamilə assimilyasiyaya uğramışdilar. Şimaldan hücum edən "ruslar" artıq vikinqlər deyil, həqiqi rus və slavyanlar idi.

Daha ətraflı ingilis dilində oxu: Farid Alakbarli. On Presence of Vikings in Caspian