image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

İSTANBULDA ŞİRVANLI ALİMLƏR

02.07.2016 | Müəllif: admin
image 1

Orta əsr osmanlı müəlliflərinin arasında "Şirvani" təxəllüslü insanlara rast gəlmək mümkündür. XV-XVI əsrlərdən başlayaraq Şirvandan Osmanlı İmperiyasına çoxlu sayda alim və həkimin köç etməsi bunu yaradan başlıca amillərdən biridir.

Həmin dövrdə II sultan Muradın baş saray həkimi olmuş Məhəmməd bin Mahmud Şirvani (1375-1450) osmanlıca tibb elmindən bəhs edən bir sıra kitab yazmışdı. O, "Mürşid", "Töhfeyi-Muradi" və sair məşhur əsərlərin müəllifidir.

Murshid
Yuxarıda: II Sultan Muradın sarayında həkimbaşı işləmiş Məhəmməd bin Mahmud Şirvaninin (1375-1450) türkcə yazdığı göz xəstəliklərindən bəhs edən "Mürşid" əsərinin müasir Türkiyə nəşri.

Türk dilində ilk irihəcmli kulinariya kitabı XV əsrdə Şirvanlı Məhəmməd İbn Mahmud (1375-1450) tərəfindən yazılmışdır. Əslən Azərbaycanın Sirvan bölgəsindən olan Məhəmməd ibn Mahmud Şirvani II sultan Muradın saray həkimi, "Osmanlının ən məşhur təbibi", türk və ərəb dillərində onlarca məşhur əsərin müəllifi kimi tanınır.

Cooking Book
Yuxarıda: Mətni müsaiyyət edən miniatürlərdə yeməklərin hazırlanma və paylanma prosesi göstərilir.

Şirvaninin kitabından əvvəl Osmanlıda ən məshur kulinariya əsəri Məhəmməd əl-Bağdadinin 1226-cı ildə ərəbcə yazdığı "Kitabüt-tabih" kitabı idi. Şirvani bu əsəri ərəbcədən türkcəyə tərcümə edərək, oraya çoxsaylı yeni xörəkləri, o cümlədən Şirvanda və Osmanlı dövlətində hazırlanan yeməklərin reseptlərini əlavə etdi. Beləliklə də türk dilində ilk əhatəli kulinariya ensiklopediyası yarandı.

Osmanlı saray alimlərindən Əhməd Şirvani və onun oğlu Şükrüllah Şirvanini (vəfatı 1485-ci il) misal göstərmək olar. Saraya gəlməsindən öncə Əhməd Şirvani məşhur Amasya Darüşşifasında (xəstəxanasında) həkim işləmişdir. Şükrüllah Şirvani Amasya şəhərində anadan olmuş, əvvəlcə II sultan Muradın, sonra da II sultan Mehmet Fatehin saray həkimi vəzifəsində çalışmışdı.

Şəmsəddin İtaki Şirvani (1572-1632) isə türk dilində ilk anatomik atlasın müəllifidir. "Kitabi-təşrihi-əbdan" adlı bu əsərdə o, embriologiya elminin əsasını qoymuşdur. Ana bətnində yerlşən rüşeyimin inkişaf mərhələlərini göstərmişdir.

İtaki Shirvani 1 İtaki Shirvani 2
Yuxarıda: Şəmsəddin İtaki Şirvaninin türkçə anatomiya kitabından şəkillər. 1632-ci ilin əlyazması.

Baba Həsən Şirvani XVII əsrin əvvəllərində türkcə yazdığı nücum, rəml və cəfr elmləri haqqında "Kitabi-şəcəreyi-şomarə..." adlı kitabını Krım hökmdarı Məhəmməd Gəray xana ithaf etmişdir. Vatikanda saxlanılan bu əlyazmanın surəti Bakıya gətirilmişdir.

Baba Hasan Shirvani
Yuxarıda: Baba Həsən Şirvaninin rəml və nücum üzrə türkcə "Kitab be səcəreyi-şomare" risaləsi. (XVII əsr, Vatikan Apostol kitabxanası).

Həmin dövrə aid Əhməd bin Məhəmməd Şirvaninin "Nəfhətül-Yəmən" adlı təzkirəsi ərəbdilli şairlər və onların əsərlərindən bəhs edir.

Əbdülməcid Şirvaninin "Kitabi-sehri" əsəri isə Cəlaləddin Ruminin və Şəms Təbrizinin şeirlərinin şərhidir və sultan V Mehmet Reşada (1845-1918) ithaf edilmişdir. Bu alimlərin sələfləri hal-hazırda Türkiyədə yaşamaqdadır.