image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

YƏHYA XAN - PAKİSTANIN QIZILBAŞ PREZİDENTİ

26 Fevral, 2016 | Müəllif: admin
Yahya khan Qizilbash
General Ağa Məhəmməd Yəhya Xan Qızılbaş
(4 fevral 1917 - 10 avqust 1980).

Prezident Əyyub Xanın istefasından sonra hakimiyyətə gəlmiş general Yəhya Xan Pakistanın üçüncü prezidentidir (1969-1971).

1738-ci ildə Nadir şahın ordusu ilə Hindistana gəlmiş qızılbaş xanlarının törəməsi Yəhya Xan 1917-ci ildə Pəncab vilayətinin Qasur şəhəri yaxınlığında mənşəcə oğuz türklərindən olan qızılbaş ailəsində doğulmuşdur.

Pəncab Universitetini bitirəndən sonra, Yəhya Xan Dehradun şəhərində Hind Hərbi Akademiyasına daxil olur. 1938-ci ildə, o, Şimal-Qərb Sərhəd Vilayətində yerləşən Britaniya Hindistanı ordusunun hərbi hissəsində xidmətə başlayır. İkinci Dünya Müharibəsi zamanı Şimalı Afrika, İraq və İtaliyada vuruşmuşdur.

Britaniya Hindistanı ərazisində müstəqil Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra Yəhya Xan Pakistan Hərbi-Qərargah Kollecinin təşkilndə mühüm rol oynamışdır. O, 1965-ci il müharibəsində piyadə diviziyaya komandanlıq etmiş, general rütbəsini almış və 1966-ci ildə Pakistanın quru qüvvələri komandanı təyin edilmişdir.

1969-cu ildə bütöv ölkədə vəziyyət nəzarət altından çıxmağa başlayır və ölkənin prezidenti Əyyub Xan hakimiyyəti Quru Qoşunlar Qərargahını rəisi general Yəhya Xana təhvil verməyə məcbur olur. Hakimiyyətə gəldiyi ilk gündən Yəhya Xan ölkədə hərbi vəziyyət elan etdi və Konstitusiyaya xitam verdi.

1969-cu il mart ayının 31-də Yəhya Xan rəsmi olaraq Pakistan İslam Respublikasının prezidenti elan edildi. Lakin, o da ölkədəki vəziyyəti nizamlaya bilmədi. Onun Şərqi Pakistanda (hal-hazırkı Banqladeşdə) benqalların üsyanını yatırmaq üçün ordudan istifadəsi 1971-ci ildə Pakistanla Hindistan arasında müharibənin başlanmasına səbəb oldu.

Yəhya Xanın baş komandanlığı altında Pakistan ordusu bu müharibəni uduzdu, ölkə iki hissəyə parçalandı və benqallar Pakistanın tərkibindən çıxıb müstəqil Banqladeş respublikası elan etdilər. Banqladeşdə yerləşən 90 000 pakistan əsgəri bangladeşlilərin köməyinə gəlmiş Hindistan ordusuna təslim oldu.

Banqladeşin Dəkkə şəhərində Pakistan hərbi qüvvələrinin hindlilərə müqavimətsiz təslim olması Yəhya Xanı ölkənin ən mənfi personajına çevirdi. Cəmiyyətin bütün dairələrinin nümayəndələri Yəhya Xanı tənqid etməyə başladı, və o, 1971-ci il dekabrın 20-də, hakimiyyəti Pakistanın ən populyar siyasətçisi Zülfüqar Əli Bhuttoya təhvil verməyə məcbur oldu.

1972-ci ildə Bhutto Yəhya Xanı ev dustağı etdi. Lakin 1977-ci ildə Bhuttonun özü hərbi çevriliş nəticəsində devrildi. Bundan sonra Şimal-Qərb Vilayətinin qubernatoru general Fazil Haq Yəhya Xanı ev dustaqlığından qurtardı. Yəhya Xan 1980-ci il avqustun 10-da Ravalpindi şəhərində vəfat etmişdir.

Peace Treaty between Pakistan, Bangladesh and India
Pakistan və Hindistan-Banqladeş hərbiçiləri Dəkkədə sülh sazişi imzalayarkən. 16 dekabr 1971-ci il.