image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

XƏZƏR TÜRKLƏRİ VƏ AZƏRBAYCAN

26 Fevral, 2016 | Müəllif: admin
The 9th century Khazar coin
"Musa Rəsulullah" yazısını daşıyan xəzər
sikkəsi. IX əsr.

Erkən orta əsrlərdə Azərbaycanda məskunlaşmış xəzər türkləri Qafqaz Albaniyasının və ümumiyyətlə Cənubi Qafqazın tarixində müstəsna rol oynamış bir xalqdır. VII əsrdə Qafqaz Albaniyası Xəzər imperiyasından asılı vəziyyətə düşəndən sonra Qəbələ şəhəri Qafqazda Xəzər xaqanlığının inzibati mərkəzlərindən birinə çevrildi. Xəzərlər ərəb işgalçılarına qarşı vuruşmaqla, Qafqazda ermənilərə və ermənipərəst xristian qüvvələrə sarsıdıcı zərbələr endirməklə Cənubi Qafqazda türk amilinin güclənməsinə təkan verdilər.

Xəzərlər Qafqaza yürüş etmiş ərəblərə ciddi müqavimət göstərdi və Xilafətin bir neçə ordusunu darmadağın etdi. 685-ci ilin avqust ayında Mosul şəhərinin yaxınlığında baş vermiş döyüşdə xəzər ordusu ərəblərə qalib gəldi. Həmin ayda birləşmiş erməni, gürcü və alban silahlı qüvvələri xəzər qoşunu tərəfindən darmadağın edildi və onların hökmdarları qətlə yetirildi.

Xəzər xaqanlığının artan nüfuzu onun ordusunun gücü ilə bağlı idi. Xəzərlərin tabeçiliyində olan tayfalar, xalqlar və dövlətlər xəzər ordusunu canlı qüvvə ilə təmin edirdi. Nəticədə, xəzərlər 100 000 - 300 000 nəfərlik ordu toplaya bilirdilər. Ordunun əsasını süvarilər təşkil edirdi. Xəzərlər köçəri xalqlara məxsus hərbi taktikadan istifadə edirdi: ordunun bir hissəsi pusquda gizlənir və düşmən üçün gözlənilməz anda döyüşə qatılaraq, ona sarsıdıcı zərbələr endirirdi. Xəzərlər mühasirə maşınların köməyi ilə istehkam, qala və şəhərləri almağı bacarırdılar. Xaqanlığın ordusu Xilafətin ən yaxşı sərkərdələrinin komandanlığı altında vuruşan nizami ərəb ordularına sarsıdıcı zərbələr endirməyə qadir idi.

Map of Khazar State in 850 AD
Xəzər xaqanlığı 850-ci ildə.

Xəzərlərin hakim zümrəsinin 730-ci ildə yəhudi dinini qəbul etməsinə baxmayaraq, xalqın əsas hissəsi şamançı və tanrıçı olaraq qalırdı. Xəzərlərin yəhudiliyi qəbul etmiş hökmdarı Bulan (əski türkçə "maral" deməkdir) Ərdəbil şəhərinə yürüş etdi. O, Ərdəbildə ələ keçirdiyi var-dövlət hesabına içində qurbangah və altarı olan, çıraqlarla bəzənmiş hündür bir yəhudi məbədi (sinaq) inşa etdirdi. Bizans və Xilafət hökmdarları Bulanın yəhudiliyi qəbul etməsindən xəbər tutandan sonra, onun yanına öz missionerlərini göndərdilər. Təhminən 740-ci ildə Bulan bütün missionerləri öz sarayına topladı və onların çıxışlarını dinləyəndən sonra yekun rəy kimi yəhudiliyin daha kamil və məntiqli din olduğunu bəyan etdi. Yəhuduliyi qəbul etmiş Bulan özü üçün "Səbrail" yəhudi adını götürdü.

Çox güman ki, hun dilinə yaxın olmuş xəzər dili ən qədim türk dillərindən biridir. X əsr ərəb coğrafı İstəxri xəzər dilinin bulqar dilinə yaxın olduğunu və başqa türk dillərindən fərqləndiyini qeyd edir. Tədqiqatçıların fikrincə türk dillərinin hun-bulqar yaxud oğur qolunu təşkil edən hun, xəzər, bulqar və suvar dilləri bir-biri ilə yaxın qohumluqdadır. Xəzər dilində qədim yazılı abidələrin kasadlığı ucbatından bu dil haqqında daha ətraflı məlumat əldə etmək mümkün deyil. Hal-hazırda xəzər dili ölü dildir, onun yeganə törəməsi isə bütün başqa türk dillərindən köklü surətdə fərqlənən çuvaş dilidir.

Xəzərlərin azərbaycanlıların etnogenezində və regionda gedən siyası proseslərdə yaxından iştirak etmələrinə baxmayaraq, onların Azərbaycan tarixində rolu kifayət qədər araşdırılmamışdır.

Xəzər döyüşçüsü. Gümüş qab üzərində təsvir.
Xəzər döyüşçüsü. Gümüş qab üzərində təsvir. VIII əsr.