image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

İRQ, ETNOS VƏ MİLLƏT


27 Avqust, 2016 | Müəllif: admin
Ethnic diversity

Bəzən insanlar millət, etnos və irq məfhumlarını səhv salırlar. Halbuki bunlar bir-birindən fərqli anlayışlardır.

İNSAN İRQLƏRİ

Bioloji məfhum olan irq insanların anatomik, fizioloji xüsusiyyətlərini bildirir. İnsanlar fiziki cəhətdən bir-birindən fərqlənən tiplərə, yəni irqlərə bölünür. İrqin dil, adət-ənənə və milli mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Müxtəlif irqlərin nümayəndələri bir-birindən dərinin rəngi, bədən quruluşu, kəllə, dodaq, burun və gözlərin forması kimi sırf fiziki xüsusiyyətlərlə fərqlənir.

Klassik təsnifata görə üç böyük irq var: avropoid, neqroid və monqoloid. Lakin müasir zamanda bir çox alimlər avstraloidləri (Avstraliya aborigenlərini, papuasları), amerikanoidləri (Amerika hindularını) və koysan irqini (buşmenləri və qottentotları) ayrıca irqlər sırasına daxil edirlər. Beləliklə də böyük irqlərin sayı artaraq altıya çatır. Böyük irqlərin tərkibində bir sıra kiçik irqlər və ya antropoloji tiplər var (qafkazion, ponti, dinar, kaspi, pamir-fərqan tipləri və s.).

Böyük irqlər: 1 - neqroid, 2 - monqoloid, 3 - avropoid, 4 - avstraloid, 5 - amerikanoid.
Dünya İrqləri

İrqi cəhətdən qarışıq xalqlar da var: mulatlar (avropoid və neqroidlərin qarışığı), avropoid-monqoloid metisləri (Mərkəzi Asıya xalqlarının əksəriyyəti) və s.

Tam mənada "təmiz" irqlər yoxdur. İrqi cəhətdən nisbətən yekcins sayılan xalqlarda da başqa irqlərin qarışığı ola bilər, lakin bu qarışıq cüzidir. Məsələn, avropoid irqinə aid bir xalqın nümayəndələri arasında bəzən monqoloid və hətta neqroid irqlərinin əlamətlərini daşıyan adamlara rast gəlmək olar.

Beləliklə, irqin dil və mədəniyyətlə bilavasitə əlaqəsi yoxdur. Hər bir xalq müəyyən bir irqə aiddir, amma özü irq deyil. Dünyada minlərlə xalq və tayfa və cəmi 6 irq var. Ona görə də şifahi nitqdə və bəzən mətbuatda rast gəlidiyimiz aşağıdakı ifadələr qeyri-elmi və yanlışdır: "azərbaycan irqi", "fars irqi", "ərəb irqi", "rus irqi", "ingilis irqi", "türk irqi" və s. Bu kimi irqlər mövcud deyil.

Məsələn, türk irqi yoxdur, çünki türk xalqları (qazaxlar, azərbaycanlılar, yakutlar, özbəklər və s.) müxtəlif irqlərə aiddir (avropoid və monqoloid). Bununla yanaşı "Turan irqi" yaxud "Turan keçid irqi" anlayışı mövcuddur. Bu termin həm avropoid, həm də monqoloid irqlərinin xüsusiyyətlərini daşıyan Mərkəzi Asiya əhalisinə (qazaxlara, qırğızlara, altaylılara, tıvalılara, özbəklərin bir qisminə və s.) aiddir. Turan irqi "Cənubi Sibir irqi" adı ilə də məlumdur. Söhbət kiçik irqdən, yəni antropoloji tipdən gedir.

Müasir qazaxlarda 70% monqoloid və 30% avropoid irqlərinin əlamətləri vardır. Türkdilli yakutlar isə bütövlüklə monqoloid irqinə aiddir. Onlardan fərqli olaraq, Türkiyə və Azərbaycan türklərində, eləcə də türkmənlərin əksəriyyətində monqoloid irqinin əlamətləri ya yoxdur, ya da çox zəifdir və nadir hallarda təzahür edir. Bu xalqlar avropoid irqinə aiddir.

"Ərəb irqi" də yoxdur - ərəblərin əksəriyyəti avropoid irqinin cənub qolunu təmsil edir. Lakin bəzi ərəb xalqlarında neqroid irqinin qarışığı da var. Suriya, Yəmən, Sudan və Misir ərəbləri antropoji baxımdan bir-birindən fərqlənirlər. Suriya və Livan ərəblərində zənci irqinin qarışığı, demək olar ki, yoxdur. Misir ərəblərində belə qarışıq var, Yəmən, Somali, Sudan ərəblərində isə bu qarışığın nisbəti daha da yüksəkdir.

ETNOS

İrqdən fərqli olaraq, etnos dil və mədəniyyətlə bağlıdır. Eyni dildə danışan və ortaq mədəniyyətə malik olan topluma etnos deyilir. Demək olar ki, etnos qəbilənin daha iri formasıdır. Bir çox hallarda etnoslar həyat tərzi, dil və mədəniyyət baxımından bir-birinə yaxın qonşu qəbilələrin birləşməsi nəticəsində yaranır.

Mərkəzi Asiya etnoslarından biri - qırğızlar.
Kirghiz people

Etnosun etnik şüuru ola da, olmaya da bilər. Yəni, elə etnoslar var ki, dil və mədəniyyət baxımından vahid bir xalq olsalar da, tayfa dünyagörüşü səviyyəsində qaldıqlarına görə, etnik birliklərini hiss etmirlər, ya da zəif hiss edirlər. Bu, həmin xalqlarda etnogenezin (vahid xalqın formalaşma prosesinin) tam yekunlaşmaması ilə bağlıdır. Buna baxmayaraq, ümumi dildə danışan və ortaq mədəniyyətə malik olan toplum, etnik şüura malik olub-olmamasından asılı olmayaraq, ayrıca etnos hesab olunur.


MİLLƏT

"Millət" məfhumunun müxtəlif yozumları mövcuddur. Nəzəriyyələrin əksəriyyətini ümumiləşdirib demək olar ki, millətin iki növü olur: etnik millət yaxud etnomillət (etnosun yetkin forması) və siyasi millət (ümumi vətəndaşlıq əsasında birləşən toplum). Sovet ittifaqında qəbul olunmuş nəzəriyyəyə görə "etnos" və "millət" bir-birinə yaxın anlayışlardır: millət etnosun daha iri və inkişaf etmiş formasıdır. Bir çox postsovet və dünya ölkələrində, o cümlədən Azərbaycanda, "millət" sözü məhz bu mənada, yəni etnik müstəvidə yozulur.

Millətciliyə gəldikdə, bütün dünyada "millət sevgisi" mənasında başa düşülən "millətçilik" məfhumu da SSRİ-də mənfi mənada, şovinizm anlamında yozulurdu. Onun müsbət əvəzi kimi "vətənpərvərlik" ifadəsi təklif olunurdu. Halbuki, bunlar fərqli məfhumlardır: vətənpərvərlik vətəni, millətçilik isə milləti sevmək deməkdir. Sovetlərdən qalmış bu yanaşma indi də Azərbaycanda yaşamaqdadır: bəzi insanlar, xüsusən yaşlılar, hələ də "millətçilik" sözünə mənfi yanaşır.

Etnomillət nəzəriyyəsinə əsasən millət dil, qan və soykök birliyi əsasında formalaşır. Bu baxımdan, milli şüur yetkin milləti fərqləndirən ən əsas cəhət hesab olunur. Etnosun etnik şüur ola da, olmaya da bilər, millətdə isə milli şüurun olması mütləqdir. Toplumda milli şüurun olmaması, onun millət kimi tam formalaşmamasının göstəricisi hesab olunur.

Qərb dünyasında "millət" adı altında daha çox "siyasi millət" nəzərdə tutulur. Etnosdan fərqli olaraq, siyasi millət dil, qan və soyköklə yox, vətəndaşlıq və dövlətçilik amilləri ilə bağlıdır. Vətənpərvərlik və vətəndaşlıq hissləri ətrafında birləşən istənilən Avropa dövlətinin əhalisi, etnik mənsubiyyətindən asılı olmayaraq, həmin dövlətin millətini təşkil edir.

Siyasi millətin içində müxtəlif etnosların nümayəndələri ola bilər. Bu baxımdan "siyasi millət" anlayışı dövlətçilik, suverenlik, vətəndaşlıq və vətənpərvərlik məfhumları ilə bağlıdır.

Beləliklə, etnomillətdən (qan, dil, soykök ortaqlığı üzərində qurulan toplum) fərqlənən "siyasi millət" məfhumu mövcuddur. Müstəqil dövləti olan hər bir ölkənin bütün çoxmillətli vətəndaşları həmin ölkənin "siyası millətidir". Siyasi millət fərqli soykökü olan, müxtəlif antropoloji cizgilər daşıyan insanları birləşdirə bilər. Müxtəlif etnoslardan ibarət olan siyasi millətə "polietnik millət" də deyirlər. Böyük siyasi millətlərin əksəriyyəti polietnikdir.

Məsələn, "Amerikan etnosu" ifadəsi yanlış ifadədir. Belə bir etnos yoxdur, müxtəlif etnoslardan ibarət Amerika milləti, yaxud xalqı var. Qərbdə çox vaxt "xalq" (people) sözü "millət" (nation) sözünün sinonimi kimi istifadə olunur. Yəni, onlarda "Amerika xalqı" və "Amerika milləti" ifadələri eyni məna daşıyır.

Siyasi millətin millətçiliyi də başqadır. Ölkənin və onun çoxmillətli vətəndaşlarının mənafe və maraqlarının qorunmasına yönələn bu millətçilik etnik xarakter daşımır.


Polietnik amerikan millətinin müxtəlif irq və etnoslara aid nümayəndələri
American people

Bununla da irq, etnos, xalq, millət, etnomillət və siyasi millət anlayışları və onların aralarında olan fərqlər haqqında qısa icmalı tamamlayıram.