image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Qafqazda Afrika izi: Abxaz zənciləri

29 Fevral, 2016 | Müəllif: admin
Photo of an Afro-Abkhazian family from Caucasus, 1910.
Abxaziyada zənci ailəsi, 1910-cu il.

Təxminən 100 il əvvəl Abxaz xalqının tərkibində azsaylı qaradərili etnik qrup mövcud idi. Hal-hazırda bu qrup Abxaziyanın əsas əhalisi ilə qarışaraq, onun içində ərimişdir. Zəncilər Kodor çayı boyunca yerləşən Çlou, Pokveş, Aqdarra, Merkula kəndlərində və əsasən Adzyubja kəndində yaşayırdılar. Onlar abxaz dilində danışır və özlərini abxaz hesab edirdi. Zəncilərin əksəriyyəti müsəlman, bəziləri isə xristian, yəhudi və bütpərəst idi.

Bu zəncilərin mənşəyi haqqında müxtəlif fərziyyələr irəli sürülmüşdür. Məsələn, ehtimal olunur ki, Osmanlı dövründə abxaz knyazı Şervaşidzenin (Çaçbanın) öz plantasiyalarında işlətmək üçün qul bazarından aldığı bir neçə yüz qara qul həmin abxaz zəncilərinin əcdadlarıdır. Sözügəlmişkən, Şervaşidze knyazların bizim şirvanşahlara qohumluğu çatır. Belə ki, "Şervaşidze" soyadı "Şirvanşah” sözünün təhrif olunmuş formasıdır.

Başqa ehtimala görə, XVIII əsrdə qul daşıyan bir gəmi Abxaziyanın sahillərina yaxın qəzaya uğradıqdan sonra, gəmidə olan qara qulların bir qismi canlarını qurtara bilmiş, Abxaziya sahillərinə çıxmış və burada məskünlaşmışdı. Bu fərziyyənin zəif tərəfi odur ki, Abxaziya dünyanın qul alveri mərkəzlərindən uzaqda yerləşirdi.

Belə hesab edənlər də var ki, Abxaziyanın qaradərili əhalisi buraya qədim zamanlarda Efiopiyadan köçmüşdür. Antik yunan mənbələri Abxaziyanı "Kolxida", orada yaşamış xalqı isə "kolx" adlandırır. Qədim yunan tarixçisi Herodota əsasən, kolxlar qaradərili, qıvrım saçlıdırlar və misirlilər, həbəşlər kimi oğlanlarını sünnət edirlər.

Müxtəlif fərziyyələrin mövcud olmasına baxmayaraq, zəncilərin Abxaziyaya hansı yollarla gəlib çıxması indiyə qədər sirr olaraq qalır. Hal-hazırda Abxaziyada təmizqanlı zənci əhalisi qalmayıb. Zəncilərin bir neçə nəsli ağlarla qarışıb və onların müasir nəvə-nəticələrində zənci irqinin əlamətləri cüzidir. Lakin dünya arxivlərində qafqazlı zəncilərin XIX əsrdə və XX əsrin əvvəllərinə çəkilmis fotoları qalır.

Abkhazian family of African descent
Zənci (metis) abxaz ailəsi, XX əsrin əvvəlləri.

Maraqlı faktlardan biri: ABŞ Konqresinin kitabxanasında 1870-ci ildə Corc Kennan (George Kennan) tərəfindən çəkilmiş "Qarabağ zəncisi" adlı bir şəkil vardır (aşağıda). Çox güman ki, bu hansısa bir varlı qarabağlının qaradərili nökəri, yaxud cangüdənidir.

An African man in Karabakh. Photo by George Kennan, 1870.