image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

"ƏNƏL-HƏQQ" DEYİMİNİN İRFANİ MƏNASI


3 Fevral, 2016 | Müəllif: admin
Nasimi

İmadəddin Nəsimi Azərbaycan və ümumiyyətlə Şərq fəlsəfəsinin və poeziyasının tanınmış simalarındandır. O, öz fəlsəfə görüşlərini şeirlərində xüsusi batini simvollar (irfani dil) vasitəsi ilə izhar edir. Həmin fəlsəfi görüşlər də Fəzlullah Nəiminin hürufilik təlimindən qaynaqlanır. Yəhudilərin kabbalistik təlimində olduğu kimi, hürufilər də hərflərdə gizlı, mistik məna axtarırdılar.

Hürufilik sufi (təsəvvüf) təriqəti olaraq sufiliyə xas bir çox cəhətlərə malikdir. Bu cəhətlərdən biri də panteizmə yaxın olan "vəhdətül-vücud" ("varlığın birliyi") - Yaradanla yaradılanın vəhdəti prinsipi, və ondan doğan "Ənəl-Həqq" kəlməsidir. Hürufi təliminə əsasən hər bir varlıq Mütləq Varlığın (yəni Allahın) əksidir və ona görə də Allah dünyanın hər bir zərrəciyində mövcuddur

Çox geniş və mürəkkəb bir mövzu olan hürufi fəlsəfəsinin dərinliklərinə varmayaraq "Ənəl-Həqq" kəlməsinin üstündə dayanaq, çünki Nəsiminin "Ənəl-Həqq" deyimi bəzən səhv yozulur, rus dilinə yanlış olaraq «Я есмь Бог» kimi tərcümə olunur.

"Ənəl-Həqq" deyimi sırf Nəsiminin kəşfi deyil, ondan öncə mövcud olmuş təsəvvüf fəlsəfəsinin bir növ "vizit kartı"dır. Bu ifadənin müəllifi təsəvvüf təliminin banilərindən biri, 922-ci ildə təzadlı bəyanatlarına görə edam edilmiş Həllac Mənsurdur.

Aşağıda: Həllac Mənsurun edamı. Hindistan miniatürü (Böyük Moğollar dövrü). 1602-ci ildə Hindistanın Allahabad şəhərində çəkilmişdir.

Execution of Hallaj Mansur

Həqiqət ondadır ki, nə Həllac, nə də Nəsimi bu sözlərlə heç də "mən Allaham" demək istəməmiş, İlahi Həqiqətə qovuşduqlarını nəzərdə tuturdular. Sufi dünyagörüşü baxımından Allaha qovuşmaqla "Allaha dönmək" arasında böyük fərq var. Sufilərin "Allaha qovuşması" ruhən yüksələrək, İlahi varlığın içində əriməkdir, heç də "Tanrıya dönmək" deyil. Sufilərin xüsusi "fəna" termini var ki, insanın Yaradana qovuşub onun içində tam əriməsini bildirir.

Məşhur təsəvvüf mütəfəkkiri Mövlanə Cəlaləddin Rumi bu deyimlə bağlı maraqlı fikir irəli sürmüşdür. Mövlanəyə görə "Ənəl-Həqq" kəlməsi təkəbbürün deyil, Allaha təslim olmağın əlamətidir. "Ənəl-Həqq" deyən adam özünün varlığını danaraq, yalnız Allahın mövcudluğunu bildirir. Allahı sevən adam Onun içində tamamən əridiyini duyur.

Məşhur sufi mütəfəkkiri və şairi Fəridəddin Əttar (təh. 1145-1220) özünün "Müqəddəslər haqqında həkayələr" kitabında yazır: "Nə yazıq ki, bu qədər böyük müqəddəs insanı müasirləri tərsinə başa düşüblər. Bir ağacdan "Ənəl-Həqq" səsi qopsa, siz həmin ağaca səcdə edərsiniz, bu sözləri söyləyən adamı isə edam edirsiniz. Siz bilməlisiniz ki, ekstaza gəlib belə sözləri söyləyən bütün böyük müqəddəs insanlar sadəcə Yaradanın adından danışırlar. Onların dili ilə Tanrı danışır, onların öz bəşəri mahiyyəti isə ölmüşdür ("Fənaullah" olmuşdur - F.Ə.)".

Məşhur sufi mütəfəkkiri Əbubəkr Şibli (861 - 946) demişdi ki, o, şəxsən özü və Mənsur eyni kəlməni ("Ənəl-Həqq" - F.Ə.) dediklərinə baxmayaraq, insanlar onu (Şiblini - F.Ə.) dəli hesab etdikləri üçün, ona toxunmadılar, Mənsuru isə ağlı başında bilib küfr söyədiyinə görə edam etdilər. (Аттар. Рассказы о святых.)

Aşağıda: Fəridəddin Əttarın türbəsi. Nişapur, İran.
Tomb of Faridaddin Attar

Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" (bəzən onu "məndə sığar ikəN cahan" kimi də oxuyurlar) misraları da mənəvi təkamül nəticəsində Tanrıdan vəhy alan, Ona qovuşan, mənən Onun içində əriyən, Onunla vəhdətdə olan, Onun qüvvəsinin zərrəsini özündə əks etdirən kamil insanın bu fani dünyanı kifayət qədər anladığını, dərk etdiyini, özünə hopdurduğunu, amma ona artıq sığmadığını əks etdirir.

Güney Azərbaycanın böyük sufi mütəfəkkiri Şıxabəddin Sührəvərdi də "Nur heykəlləri" əsərində yazır ki, ən kamil insan Tanriya yaxınlaşmağa nə qədər can atsa da, ilahi nurun yalnız kölgəsinin kölgəsini görə bilər. Seçmə insanlara, məsələn, peyğəmbərlərə və mənən inkişaf etmiş adamlara yuxarıdan vəhy gələ bilər. Bu an həmin insan ilahi nuru əks etdirən güzgüyə çevrilir. Amma bu o demək deyil ki, insan Allah olur.

Nəsimi də, İlahi Həqiqətə qovuşmasına baxmayaraq, insan, bəşər övladı olduğunu aşağıdakı misralarla təsdiq edir: “Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm. Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam”.

İmadəddin Nəsiminin Suriyannın Hələb şəhərində türbəsi.
Nasimi's Tomb in Aleppo