image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

TIVA TÜRKLƏRİ: İTİRİLMİŞ MÜSTƏQİLLİK (1921-1944)

29 Fevral, 2016 | Müəllif: admin
Cavalry regiment of Tuva, 1941
II Dünya Müharibəsində Tıva Xalq Respublikasının süvari alayı.

Çox adam bilmir ki, 1944 ilə qədər dünyada bir yox, iki müstəqil türk dövləti olub: Türkiyə və Tıva. Hal-hazırda Tıva Rusiya Federasiyasının tərkibindədir, lakin o, SSRİ-nin tərkibinə yalnız 1944 ildə daxil edilmişdir. 1921-1944 illərdə Tıva Xalq Respublikası formal cəhətdən müstəqil, faktiki isə SSRİ-nin protektoratı altında olan bir türk dövləti idi. Bu səbəbdən onun müstəqilliyi yalnız SSRİ və Monqolustan tərəfindən tanınmışdı.

1912-ci ilə qədər Taňdı-Uranxay (Tannu-Uranxay) ölkəsi kimi tanınan Tıva Çin imperiyasının tabeçiliyində idi. 1912-ci ildə Çində Sinxay inqilabı baş verəndən sonra, Tıva noyonları (hökmdarları) Çinə tabe olmaqdan imtina etdilər. Onlar Rusiya çarına müraciət edib, daxili müstəqilliklərini saxlamaq şərti ilə, onları Rusiyanın protektoratı (himayəsi) altına almağı xahiş etdilər. 1914-ci ildə Rusiya bu ərazini Çinin əlindən alıb, "Uranxay Diyarı" adlı muxtar protektorat qismində Yenisey quberniyasına birləşdirdi. Tayvan Çin Respublikası (Paytaxtı Pekində olan Çin Xalq Respublikası ilə qarışdırmayın) indiyə qədər Tıvanın Rusiya ərazisi olduğunu tanımır və torpaqların Çinə qaytarılmasını tələb edir 1.

1921-ci il avqust ayının 14-də Ümumtıva Təsis Xuralında müstəqil Tannu-Tıva Respublikası elan edildi. İstiqlal Bəyannaməsində deyilirdi ki: "Tannu-Tıva Xalq Respublikası azad xalqın qurduğu azad və öz daxili işlərində heç kimdən asılı olmayan bir dövlətidir. Beynəlxalq məsələlərdə isə Tannu-Tıva Respublikası RSFSR-in himayəsi altında fəaliyyət göstərir".

USSR-Tuva Treaty
Moskvada Tıvanın ilk rəsmi deleqasiyası SSRİ ilə Sülh və Əməkdaşlıq Haqqında Sazişin imzalanması ərəfəsində. 1925-ci il.

Beləliklə, Tıva rəsmən müstəqil dövlət elan edilsə də, onun sosialist hökuməti əvvəl Sovet Rusiyasının, sonra da SSRİ-nin siyasi təsiri və himayəsi altında fəaliyyət göstərirdi. 1924-cü ildə SSRİ, 1926-cı ildə isə Monqolustan Tıvanın müstəqilliyini tanıdı. Qeyd etdiyimiz kimi, o dövrdə Türkiyə və Tıva dünyanın yeganə müstəqil türk dövlətləri idi.

National currency of Tuva
Beş akşa. Müstəqil Tıvanın pul vahidi.

Müstəqil Tıvanın özünün milli ordusu və "akşa" adlı pul vahidi var idi. 1923-cü ildə bütün sovet qoşunları Tıvadan çıxarılmışdı və 1944 ilə qədər ölkəyə yalnız Tıva Milli Ordusu nəzarət edirdi. Ölkənin dövlət dili Tıva dili idi. Latın qrafikasından istifadə olunurdu. Bu dildə kitablar nəşr olunur, dövlət və təhsil idarələri fəaliyyət göstərirdi. Lakin 1944-cü ildə Tıva rəhbərliyi SSRİ hökumətinə müraciət edərək, Sovet İttifaqına daxil olur. 2.

Old postage stamps of Tiva
Tıva Xalq Respublikasının müstəqilliyinin 15-ci ildönümü ilə bağlı bu ölkənin 1936-cı ildə dövriyyəyə buraxdığı yubiley markaları.

1941-ci il iyunun 25-də, Tıva Xalq Respublikası, SSRİ-yə dəstək olaraq, Almaniyaya müharibə elan etmiş dünyanın ilk dövləti olmuşdur 3. Maraqlı fakt ondan ibarətdir ki, Tıva Xalq Respublikası indiyə qədər Almaniya ilə müharibə vəziyyətindədir. 1941-ci ildə Tiva Almaniyaya rəsmən müharibə elan etdi, lakin 1944-cü ildə Tıva SSRİ-nin tərkibinə qatıldıqdan sonra, artıq müstəqil dövlət olmaması səbəbindən, Almaniya ilə sülh sazişi bağlaya, yaxud Almaniyaya müharibə elan etmiş başqa dövlətlərlə yanaşı onun kapitulyasiyasını qəbul edə bilmədi. Amma Rusiyanın tərkibində olan indiki muxtar Tıva Respublikası müstəqil Tiva Xalq Respublikasının siyasi varisi sayılmadığına görə müasir Tıva ilə Almaniya arasında heç bir problem yarana bilməz.

Wrestling
Tıvada ən çox sevilən idman növləri - cıdır və xureş (güləş).

Maraqlıdır ki, özünü Çinin yəganə qanuni hökuməti sayan, Pekin hökumətini tanımayan, bütün Çin ərazisinə iddialı olan çankayşist yönümlü Tayvan hökuməti indiyə qədər Rusiya Federasiyasının Tıva Respublikasını və Amur vilayətinin Blaqoveşensk şəhərini öz əraziləri sayır. Bu yaxınlarda Tayvan Monqolustana qarşı irəli şürdüyü ərazi iddialarından imtina etdiyini bəyan etdi, lakin Tıvanı öz ərazisi hesab etməkdə davam edir.

Taibei
Tayvan Çin Respublikasının paytaxtı Taybey şəhəri.

Rusiyanın ərazi bütövlüyünü tanımış Çin Xalq Respublikasından (rəsmi Pekindən) fərqli olaraq, Tayvanda oturmuş və özunü rəsmən "Çin Respublikası" adlandıran Çankayşıst Qomindan Hökuməti indiyə qədər tıvalıları Tayvanın potensial vətəndaşları hesab edir və gələcəkdə onlara Tayvan (Çin Respublikası) pasportlarının verilməsini mümkün sayır.

Beynəlxalq reytinqə görə Tayvan posportu dünyada 28-ci yeri tutur. Bu ölkənin vətəndaşları dünyanın 119 ölkəsinə vizasız gedə bilir. Böyük adada yerləsən və 23 milyon əhalisi olan Tayvan, Yaponiya və Cənubi Koreya ilə yanaşı, Cənubi-Şərqi Asiyanın ən varlı industrial ölkələrindən biridir. Ölkədə yoxsulluq tamamilə ləğv olunub, və əhalinin yalnız 1% nisbətən aztəminatlı sayılır 4.

Tıvada Tayvanla birləşməyi dəstəkləyən bir qrup insan var. Lakin Rusiyada "separatçılıq haqqında" qanun qəbul edildikdən sonra, onların öz fikirlərini açıq səkildə ifadə etmək imkanları məhduddur. Qanuna görə məhkəmə tərəfindən "separatçılığa çağırış" kimi dəyərləndirilən hər bir söz, yaxud mətn uzunmüddətli azadlıqdan məhrumolma ilə cəzalandırıla bilər. İstənilən ərazinin Rusiya Federasiyasının tərkibindən cıxarılmasına çağıran istenilən bəyanat, bu qanun tərəfindən "separatçılığa çağırış" kimi dəyərləndirilir.

Tuva girls
Tıva qadınları milli qeyimdə.

Altayda yərləşən Tıva Respublikası türk mədəniyyətinin qədim ocağıdır. Əhali arasında yayılmış əsas dinlər türk şamançılığı və buddizmdir. Qonşu Sibir-Altay türk xalqları ilə müqayisədə tıvalıların əksəriyyəti, xüsusən kənd əhalisi, az ruslaşmış, dil və mədəniyyətlərini qoruya bilmişlər. Bu fakt onların SSRİ-yə gec birləşmələri ilə izah olunur. Səbəblərdən biri də respublika əhalisi arasında əsas millətin, tıvalıların çoxluq təşkil etməsidir.

2010-cu ilin siyahıyaalınmasının nəticələrinə görə tıvalılar əhalinin 82%, ən coxsaylı milli azlıq ruslar isə 16% təskil edir. Qeyri-tıvalılar əsasən paytaxt Kızılda yaşayır, amma orada da tıvalılar əhalinin 68,09 % (72.804 nəfər), ruslar —  28,42 % (30.388 nəfər), qalan millətlər — 3,49 % təşkil edir 5.

Kizil city
Tıva Respublikasının paytaxtı Kızıl şəhəri.

Məktəblərdə təhsil, idarələrdə kargüzarlıq yalnız rus dilində olsa da, dövlət qurumlarının xaricində hamı tıva dilində danışır. Rusların və başqa qeyri-tıvalıların əksəriyyəti danışıq tıva dilini bilir. Tıvalılar türk xalqı olsalar da, həm dil, həm mədəniyyət baxımından monqol və tibetlilərin güclü təsirinə uğramışlar. Bu, uzunsürən qonşuluq əlaqələri və Buddizm dinindən yaranan dini-mədəni yaxınlıqla bağlıdır.


Tuva Shaman and Buddist Temple
Tıva şamanı (yuxarıda) va Tıva buddist məbədi.

___________________________

1 Taiwan - officially: the Republic of China - claims territories of ten of China's neighbours. In: Big Think's Weekly Newsletter. 23 July, 2010. Url: https://bigthink.com/strange-maps/221-greater-china-made-in-taiwan Accessed in 26 February, 2016.

2 Указ Президиума ВС СССР от 11.10.1944 о принятии Тувинской Народной Республики в состав Союза Советских Социалистических Республик. Источник: Сборник законов СССР и указов Президиума Верховного Совета СССР. 1938 г. — июль 1956 г. / под ред. к. ю. н. Мандельштам Ю. И. — Москва: Государственное издательство юридической литературы, 1956. — С. 46.

3 Алексей Чичкин. Тува: неизвестная война. Забытый союзник СССР во Второй мировой. // Российская газета. 06.05.2009. Url: https://rg.ru/2009/05/06/tyva.html Accessed in 25 February, 2016.

4 Taiwan - Poverty and wealth. In: Encyclopedia of the Nations. Url: https://www.nationsencyclopedia.com/economies/Asia-and-the-Pacific/Taiwan-POVERTY-AND-WEALTH.html Accessed in 26 February, 2016.

5 Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года. Url: http://www.gks.ru/free_doc/new_site/perepis2010/perepis_itogi1612.htm Accessed in 26 February, 2016.