image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

ÇUKÇA DÖYÜŞÇÜLƏRİ:
Rusları Məğlub Etmiş Anekdot Qəhrəmanları

29 Fevral, 2016 | Müəllif: admin
Chukcha warrior
Çukça döyüşçüsü, XIX əsr.

Rusların SSRİ dövründə anekdotlarda ələ saldıqları çukçalar əslində Sibirin ən mərd və döyüşkən xalqı idi. Çukçalar cəsarətli və cəngavər bir millət kimi yüz ildən artıq rus işğalına qarşı silahlı müqavimət göstərdilər. Çukçaların ruslarla apardıqları döyüşlər tarixə "rus-çukça müharibələri" adı ilə düşdü.

İlkin mərhələdə çukçaların nə odlu, nə də metaldan hazırlanmış soyuq silahları var idi. Onların "zirehli" geyimləri möhkəm, qalın suiti dərisindən, balıq sümüyündən və suiti dişindən hazırlanırdı.

İlk dəfə 1641-ci ildə Çukotkaya gəlmiş ruslar yerli əhaliyə qarşı soyqırım siyasəti aparırdı. 1729-cu ildə Afanasi Şestakov və Dmitri Pavlutskinin komandanlığı altında rus kazakları Çukotkaya yürüş edərək yerli əhaliyə qarşı zorakılığa başladılar.

Çukçaların çadırları yandırılır, kişiləri öldürülür, qadın və uşaqları isə əsir aparılırdı. İşğalçıların əlinə düşmək istəməyən çukçalar çox vaxt ailəliklə intihar edirdilər.

Rusların odlu silahlarına qarşı çukçalar yalnız sümük ucluqlu ox və nizələrlə çıxa bilirdilər. Buna baxmayaraq, onlar işğalçılara sərt müqavimət göstərdilər. 1730-cu ildə baş vermiş Yeqaç döyüşündə çukçalar rus qoşununu məğlub edib ataman Şestakovu öldürdülər.

Bu arada çukçalarla kazaklar arasında üç döyuş baş verdi. Çukçalar böyük itkilər versə də, bu döyüşlərdən qalıb çıxdılar. Sibir üçün şiddətli sayılan bu toqquşmalarda hər iki tərəfdən 1000-dən artıq adam iştirak edirdi. Çukçaların azsaylı xalq olduğunu nəzərə alsaq, bu çox böyük rəqəm idi.

1744-1746-ci illərdə kapitan Pavlutskinin komandanlığı altında 650 rus əsgəri Rusiya senatının əmri ilə Çukot yarmadasına üç yürüş etdi. Yerli əhaliyə qarşı xüsusi qəddarlıq törətmiş Pavlutski çukçaların nifrətini qazandı.

14 mart 1747-ci ildə rusların inşa etdiyi Anadır qalasının yaxınlığında baş vermiş döyüşdə çukçalar Pavlutsinin dəstəsini darmadağın etdilər, özünü isə öldürdülər. Onlar Anadır qarnizonunun bütün arsenalını, silah-sursatını, bir ədəd topu və döyüş bayrağını ələ keçirtdilər. Bu məğlubiyyət rus hökumətini şoka saldı. Təcili olaraq Çukotkaya əlavə qoşunun göndərilməsi qərara alındı.

Rus-çukça toqquşmaları 150 il davam etdi və ruslar bu müddət ərzində çukçaları tam şəkildə özlərinə tabe etdirə bilmədilər. Belə ki, 1765-ci ildə rus qoşunları və rus əhalisi Anadır qalasını tərk etməyə məcbur oldu, 1771-ci ildə isə rus hökumətinin əmri ilə qala divarları söküldü və çukçalara qarşı hərbi əməliyyatlara son qoyuldu. Bu, çukçalara Anadır tərəfə irəliləməyə və həmin torpaqları özlərinə qaytarmağa imkan verdi.

Çukçaların müqavimətindən təşvişə düşən Rus hökuməti Sibirdəki məmurlarına belə bir göstəriş verdi: "Nijne-Kolımsk bölgəsinin rus əhalisinə hərbi məhkəmə təhdidi ilə dərhal təlqin edilsin ki, onlar heç vəchlə çukçaları qıcıqlandırmasınlar."

Ruslar hərbi əməliyyatlardan əl çəkib, çukça başçılarını hədiyyə və rüşvətlə şirnikləndirdi və diplomatik danışıqlara başladı. 1776-cı ildə II Yekaterina ilə çukçalar arasında ikinci tərəfin rus tabeçiliyini qəbul etməsi barəsində müqavilə bağlandı. Yekaterinanın fərmanına əsasən çukçalar 10 il müddətinə yasakdan (natural vergidən) azad edildi və onlara daxili məsələlərdə tam müstəqillik verildi.

Çukçalara verilmiş bu imtiyazlar sonrakı dövrlərdə də öz qüvvəsində qaldı. Məsələn, XIX əsrdə rus mənbələrində çar hökuməti tərəfindən çukçalar "axıra qədər tabe edilməmiş xalq" kimi xarakterizə edilir. Onlara natural vergini (ovlanmış heyvanların xəzini) istədikləri vaxt və istədikləri miqdarda ödəmək hüququ verilirdi. Yəni çukçalar faktiki olaraq vergidən azad edilmişdi.

Çukça düşərgələrində rus inzibati orqanları yox idi və rus qanunları işləmirdi. Çukçalar müstəqil surətdə özləri özlərini idarə edirdilər və bu vəziyyət Bolşevik inqilabına qədər davam etdi.

Chukcha warriors
Çukça döyüşçüləri hərbi geyimdə.