image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

AZƏRBAYCAN ƏKSKƏŞFİYYATÇISI LAVRENTİ BERİYA (1919-1920).

10 September, 2018 | Müəllif: admin
Nagi Keykurun and Lavrenti Beriya.

Çox adam bilmir ki, sabiq SSRİ kəşfiyyatının rəhbəri, milyonlarla günahsız sovet insanının güllələnməsi, işgəncələrə məruz qalması, sürgün edilməsində təqsirli bilinən və Stalinin ölümündən sonra özü həbs edilib 1953-cü ildə güllələnən L.P.Beriya, 1919-1920 illərdə, «Müsavat» hakimiyyəti dövründə, Bakıda yaşayırdı və müstəqil Azərbaycan Cümhuriyyətinin Əkskəşfiyyat idarəsində (rəsmi adı: Əksinqilab ilə Mübarizə Təşkilatı) Senzura şöbəsinin müdiri işləyirdi.

O illərdə AXC Əkskəşfiyyat idarəsinin rəhbəri isləmiş, bolşeviklər gələndən sonra isə xaricə mühacirət etmiş Nağı Şeyxzamanlı (Nağı Keykurun, 1883—1967) öz xatirələrində Beriyanın Azərbaycana işləməsi haqqında aşağıdakıları yazır.

BERİYA

«Beriya «Hümmət» Partiyasının zəmanəti ilə Əksinqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdür. O zamanlarda sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsul-idarəsinin yenidən bərpa olunmasını istəyirdi. Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əleyhinə idi. İşimizə yarayacağını bildiyimizdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim.

O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paroxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi. Beriya bir sabah mənə belə bir raport verdi: «Bunu bir sərnişin əşyaları içərisində tapmışam. Məktub müəllifinin bir tələbə olması aydın hiss olunur».

Məktub oğlu tərəfindən anasına yazılmışdı: «ana, çox yaxında rus qoşunu müzəffəranə Bakıya girəcəkdir. Şəhərin bütün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdir. Çox keçmədən Tbilisidə də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaqdır» deyirdi. Məktubun sonunda da on beş gün sonra onu gətirəcək paroxodun adı yazılmışdı. Beriya mənə xahişlə bu tələbəni qarşılamaq vəzifəsini ona tapşırmağı xahiş etdi. Onun xahişini qəbul etdim.

15 gün sonra o, tələbəni qarşılayıb idarəyə gətirmişdi. İfadəni oxudum və tələbəni gətirmələrini söylədim. İçəri bənizi saralmış 17 yaşında bir rus uşağı girdi. Görkəmindən litsey tələbəsinə oxşayırdı. Uşağı sərt nəzarətlə süzüb “hansı rus ədəbiyyat müəllimindən öyrəndin ki, o çirkin sözləri öyrəndin və bunlarla məktubunu bəzədin» deyə soruşdum. Uşağın qorxusundan cavab verə biləcək halı qalmamışdı. Uşağı başqa otağa keçirtdilər. Sonra bu uşağın anasını və bacısını içəri çağırdılar. Onlar içəri girər-girməz ayaqlarımıza düşərək yalvarmağa başladılar.

Ana: «Bircə oğlumu öldürməyin», qız da «qardaşımı bizə bağışlayın» deyə ağlaya-ağlaya xahiş edirdilər». Mən onlara: «Ağlamayın və məni yaxşı dinləyin. Madam ki, oğlun uşaqdır, biz də vəhşi insanlar deyilik, qorxulu bir şey yoxdur. Ancaq oğlunuzun nə işlə məşğul olduğunu söyləyin» dedim. Qadın: «Tələbə idi. Mənə qulaq asmayıb qaçdı və orduya könüllü yazıldı. İndi çox peşman olmuşdur. Xahiş edirəm onu bağışlayasınız» dedi. Qadından burada evi olub-olmadığını soruşdum.

Kirayədə yaşadığını və başqalarının evində xidmətçilik etdiyini bildirdi. Qadına «indi də gedin hazırlaşın və üç gün sonra mənim yanıma gələrsiniz. Sizə oğlunuzu təhvil verdikdən sonra hər üçünüzü də paroxoda mindirərək Rusiyaya göndərəcəyik» dedim. Ana və qız çox sevindilər. İki gün sonra hər üçünü də paroxoda mindirib Rusiyaya yola saldıq.

Beriya mənim bu hərəkətimi bəyənməmişdi. O mənə «Nağı bəy, sizin rus düşmənliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız?» dedi. Mən də ona «Beriya, mən də səni bu qədər vəhşi və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə Amerikaya gedib orada qanqster olacağını söyləyərmişsən. Demək, sən belə bir ruh daşıyırsan. Doğrusu inanmazdım. Özü də o, hissə qapılmış bir uşaqdır» cavabını verdim.

Bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq Denikinin yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə də vardır. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. Mən hələlik Beriyanı vəzifədən çıxarmamışdım. Yerli bolşeviklər əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq o, respublikada yoxdur. İki aylıq maaşını anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şirniyyat mağazasında rastlaşdıq. Bu zaman Gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşdı və əl verib salamlaşdıq. Hiss etdim ki, o mənimlə qarşılaşmağa o qədər də məmnun deyil. Ancaq mənim xoş münasibətimi görüb bir az toxdadı.

Ondan «Beriya nə üçün mənə bildirmədən Gürcüstana keçdin?» deyə soruşdum. Beriya da «hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşlarımı vermisiniz təşəkkür edirəm» dedi.

Mən ona «Beriya Azərbaycanda rusların törətdiklərindən xəbərin varmı? Xalq rus çarına rəhmət oxuyurlar» dedim. Beriya mənə «Nağı bəy, siz yanılırsınız, bu gün siz bolşeviklərdən qaçırsınız. Ancaq bolşevik rusluq deyil. Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq və İslam dünyası kapitalistlərin əlindən bolşeviklərin sayəsində xilas olacaqlar. Nə isə bunu istiqbal göstərəcək. Ancaq siz söyləyin, nə etmək istəyirsiniz?» dedi.

Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya «Nağı bəy, inanın mənə. Yaxınlarda bolşeviklər buraya dagələcəklər. Sizin buradan uzaqlaşmağınızı tövsiyyə edirəm» dedi. Mən də Beriyaya «əgər burada qalsam və məni yaxalasalar qurtara bilməzsən eləmi?» dedim. O, isə cavabında «qurtara bilmərəm» dedi.

Onda «Bax, Beriya buradaca sərbəstcə bir-birimizlə söhbət edirik. Sən kommunistsən. Bir an təsəvvür et ki, mən müttəhiməm, sən də ittihamçı. Sən məni özün qədər tanıyırsan. Məni nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi söyləyə bilməzsən. Heç bir kasıbı varlının ayağına vermədim. Daima onlara kömək etməyə çalışdım. Ancaq bolşevik yoldaşların məni utanmadan xalq düşməni etdilər. Söylə, çəkinmə. Hansı hərəkətim xalqa qarşı olmuşdur» deyə soruşdum.

Beriya susurdusa, ancaq cavab da vermək istəyirdi. Nəhayət o «bu bolşevik inqilabıdır. Bəlkə içərisində günahkar olan bir 100 nəfəri güllələyəcəklər» dedi. Mən, «Beriya, artıq sənə nə söyləyim. Əliheydər deputatdı. Məni inandırmaq istəyirdi ki, bütövlükdə «Müsavat» Partiyası hakimiyyəti sosialistlərə verərsə Qızıl Ordu Azərbaycana girməyəcəksə Azərbaycanın istiqlaliyyətini tanıyacaqlar. Mən Əliheydərin bu sözlərinə cavab olaraq dedim ki, Əliheydər, bu gələn rusdur. Nə rəngə bürünürlərsə, bürünsünlər rusluqlarını edəcəklər. Beriya, əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir» dedim. Çox gec olsa yəqin ki, Beriya söylədiyim sözləri özünükülər tərəfindən güllələndiyi zaman yada salmışdır. Çünki, Azərbaycanda nə qədər bolşeviklərin gəlməsini istəyən Əliheydərlər var idisə Beriyanın cəlladları tərəfindən güllələnmişdilər».

Nağı Keykurun. Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri. Bakı – 2007, səh. 72-74