image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

ŞAMAXI - İPƏK YOLUNDA BİR ŞƏHƏR

11 September, 2018 | Müəllif: admin
Medieval Kitchen.
Yuxarıda: Şamaxı şəhərinin mənzərəsi. Alman səyyahı və diplomatı Engelbert Kempferin kitabından (1683). "Schamachia" im Gebürg der Provinz Schirwan".

E.e. IV- b.e. VII əsrlərində müasir Azərbaycan Respublikası hüdudlarında Qafqaz Albaniyası adlı tarixi-coğrafi ərazi və dövlət mövcud idi. Yunan-roma müəlliflərindən coğrafiyaşünas və astronom Klavdi Ptolomey (70-147) öz “Coğrafiya dərsliyi”əsərində Qafqaz Albaniyasının 29 şəhər və yaşayış məntəqələrinin arasında Kamexiya yaxud  Mamexiya şəhərinin adını da çəkir. Arxeoloji tədqiqatlar nəticəsində müasir Şamaxı şəhəri yaxınlığında, Xınıslıda, e.ə. IV - b.e. VII əsrlərə aid yaşayış məntəqəsi aşkar olunmuşdur. Ehtimal olunur ki, bu Ptolemeyin Kamexiya (Mamexiya) adı ilə qeyd etdiyi Qədim Şamaxıdır. Şəhərin adının baş hərfinin dəyişməsinə gəldikdə isə bu, yunan dilində cingiltili “ş” samitinin olmaması ilə izah edilir.

VIII-XI əsrlərdə Şamaxı öz yerini bir qədər deyişirək, yeni ərazidə salınır. VI-VII əsrlərdən etibarən Şamaxının yerləşdiyi Qafqaz Albaniyasının şimal-şərq əraziləri Şirvan adı ilə məşhurlaşmağa başlayır. Qafqaz Albaniyasının dövlət dini xristianlıq olsa da, Şirvanda yaşayan türkdilli, irandilli va qafqazdilli əhalinin arasında xristianlıqla yanası yəhudulik, tanrıçılıq, şamançılıq, zərdüstlük və yerli politeist inancların müxtəlif formaları da yayılmışdı. VII əsrin ortalarında Şirvan ərəblər tərəfindən zəbt edilir və bu ərazidə islam dini yayılır. Arxeoloji qazıntılar VIII-IX əsrlərdə artıq Şamaxıda Cümə məscidinin mövcudluğunu aşkar etmişdir. Beləliklə, Şamaxının Cümə məscidi Azərbaycanın ən qədim məscidir. Bu məscidin binası zəlzələlər və müharibələr zamanı dəfələrlə zərər çəkmiş, dağıdılmış və yenidən bərpa edilmisdir.

861-ci ildə Azərbaycanın Şirvan regionunda Şirvanşahlar dövləti yarandı. X əsrin birinci yarısında Şirvanşahlar öz paytaxtını Şabran şəhərindən Şamaxıya köçürür. Bu dövrdə Şirvanın mühüm şəhəri Şamaxı daha da sürətlə inkişaf etməyə başlayır. 918-ci ildə Şirvanşah Əbu Tahir Yəzid Şamaxını genişləndirir və ona öz adını verərək "Yəzidiyyə" adlandırır. Lakin bu ad tarixdə çox qalmır və şəhər Şamaxı adı ilə tanınmağa davam edir. 1045-ci ildə Şirvanşah Qubad Şamaxını möhtəşəm qala divarları ilə əhatə edir. Şamaxı şəhərindən şimal-qərbdə sıldırım dağın zirvəsində Gülüstan qalası ucalırdı. O, XII- XIII əsrlərdə Şirvanın Şamaxını müdafiə edən ən əlçatmaz və əzəmətli qalalarından olmuşdur.

Həmin dövrdə Şamaxı ipəkçilik sənayesinin mərkəzinə çevrilir, burada intensiv həyat gedir, müxtəlif sənət sahələri və beynəlxalq ticarət inkişaf edir, Xaqani Şirvani, Fələki Şirvani kimi məşhur şairlər faliyyət göstərir, Kafiyəddin Ömər ibn Osman tərəfindən Məlhəm tibb mərkəzi və məktəbi açılır.

Şamaxı seysmik zonada yerləşdiyinə görə dəfələrlə zəlzələlər nəticəsində dağıdılır. 1192-ci ilin dəhşətli zəlzələsi şəhəri, demək olar ki, yer üzündən silmişdi. Bununla əlaqədar şirvanşah I Axsitan Şirvanın paytaxtını müvəqqəti olaraq Bakıya köçürtmüşdür. Növbəti bəla 1222-ci ildə baş verdi. Monqollar, onlara təslim olmaqdan imtina edən Şamaxını dağıtmış və yandırmış, əhalisini isə kütləvi qırğına məruz etmişdi. Lakin az sonra şəhər bərpa edilərək, yenidən mühümm mədəni və iqtisadi mərkəzə çevrilir. Burada Bədr Şirvani, Seyid Yəhya Bakuvi, İmadəddin Nəsimi kimi şair, alim və mütəfəkkirlər fəaliyyət göstərirdi. O dövrdə şəhərin 100 000-200 000 arası əhalisi var idi.

Venesiya taciri və diplomatı Ambroco Kontarini (1429-1499) Şamaxı haqqında yazır: "1475-ci il noyabrın 1-də biz Midiya hökmdarı Şirvanşahın Şamaxı şəhərinə daxil olduq. Məhz burada "talaman" ipəyini, eləcə də ipəkdən müxtəlif məhsulları, yüngül parçaları, xüsusən də müxtəlif çeşiddə atlas parçalarını istehsal edirlər. Bu şəhər Təbriz qədər böyük deyil, amma, mənim fikrimcə, hər cəhətdən ondan yaxşıdır. Burada qida məhsulları boldur".

1538-сi ildə Şirvanşahlar dövləti Səfəvi sülaləsi tərəfindən ləğv edilir, və onun yerində mərkəzi Şamaxıda olan Səfəvi dövlətinin Şirvan bəylərbəyliyi yaradılır. 1667-ci ilin növbəti dəhşətli zəlzələsinə baxmayaraq, şəhər təzədən bərpa olunur və inkişaf edir. 1734-cü ildə Nadir şah şəhəri dağıdıb əhalisini Ağsuya köcürür, lakin Nadir şahın ölümündən sonra müstəqil Şirvan xanlığı yaranır və Şamaxı şəhərı əvvəlki yerində bərpa olunur. Lakin içində cəmi 5-6 min əhali qalmış şəhər öz əvvəlki söhrətini qaytara bilmir. 1805 ildə Şirvan xanlığı Rusiya tərəfindən zəbt olunur və 35 il sonra Kaspi vilayətinin mərkəzinə çevrilir. Şəhər yenidən inkişaf edir, əhalisi 20 minə qədər artır. Şəhəri ziyarət etmiş fransız yazıçısı Aleksandr Düma (ata) Şamaxı haqqında xoş təəssüratlarını "Qafqaza səyahət" adlı əsərində ifadə edir.

Lakin silsilə dəhşətli zəlzələlər (1859 və 1902 illər) şəhəri yenidən dağıdır. Bütün bunlara baxmayaraq, Samaxı hər dəfə bərpa olunur və inkişaf edir. XIX əsrdə və XX əsrin əvvəllərində Şamaxı şəhəri Azərbaycana Səyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadı, Abbas Səhhət və basqa məshur yazıçı, şair və mütəfkkir bəhş etmişdir.

Hal-hazırda Şamaxı Azərbaycan Respublikasının zəngin tarixi-mədəni irsə malik sürətlə inkişaf edən yüngül sənaye, xalçaçılıq, şərabçılıq və taxılçılıq mərkəzlərindən biridir.