image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

TÜRK VƏ ÇİNLİLƏRDƏ GÖY
TANRI İNANCI

12 September, 2018 | Müəllif: admin
Temple of Heaven.
Yuxarıda: Çinin ən məşhur tapınağı Göy (Səma) məbədində qədim türk inanclarının izlərini arayarkən.

Çinin ən məşhur tapınağı Göy (Səma) məbədində qədim türk inanclarının izlərini arayarkən aşağıdakı fakt diqqətimi cəlb etdi: keçmişdə yaşamış türklər kimi, müasir çinlilər də Göyü tanrı sayır və ona sitayiş edirlər. Həm çinlilərin, həm də qədim türklərin təsvvürlərində "Göy Tanrı" sonsuz mavi səma surətində mucərrəd bir qüvvədir. Tanrıçı türklər səma tanrısını "Tanrı", çinlilərin isə "Tyan" ("Tian") adlandırırlar. Qədim çin mənbələrində Tian 天 - ali ilahi qüvvə, kainatı təşkil edən "Göy-Yer-İnsan" üçlüyunün başlıca hissəsi, zərrəciyi insanın içində də yaşayan möhtəşəm təbiət qüvvəsi kimi təsvir olunur.

Qədimdən bəri çinlilər öz ölkəsini "Tiansə" ("Səmanın altında yerləşən torpaq") adlandırır. Çinlilərin "Tian" ("Göy") sözünə oxşayan "Taňrı" kəliməsi V.Tomsen tərəfindən 1893 ildə Orxon-Yenisey türk abidələrində deşifrə edilmiş ilk sözdür. Hələ iki min iki yüz il əvvəl çinlilərlə qonşuluqda yasayan hun türkləri səmanı ilahiləşdirərək "Tanrı" adlandırırdılar. Qədim Cin salnaməsi yazır: "Hunlar "Tian"a ("Göy"ə) "Tengri" deyirlər". VIII əsrdə "Türk xaqanlığı" yaxud "Göktürklər dövləti" kimi ikinci böyük türk imperiyasını yaratmış göktürklərin də adı "səmavi türklər" deməkdir. Beləliklə, qədim türklərin və çinlilərin göyə sitayişləri və göy tanrıları arasında şəkki-şübhəsiz yaxın bir əlaqə vardır.


Tian and Tengri.
Solda: Göyü və Göy Tanrısını bildirən "Tian" çin heroqlifi. Sağda: icində türk run yazısı ilə "Tanrı" yazılmış Göy Tanrı emblemi.

Orta əsr türk hökmdarları öz hakimiyyətlərini Göy Tanrının onlara bəxş etdiyi "Qut"la ("xoşbəxtlik"lə ) bağlayırdılar. Ona görə, onlar özlərinin Tanrı tərəfindən səçildiklərini təsdiqləyən taxt-tac adlarını daşıyırdılar: Tanrıqut, Qutluq, Qutlamış və s.

732-ci ilə aid türk runik abidələrində bu kimi yazılara rast gəlirik. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22).

921—922 illərdə Volqaboyunu ziyarət etmiş ərəb səyyahı İbn Fədlan köçəri türklər haqqında asağıdakıları yazır: "Onlardan birisi ədalətsizliyə düçar olsa, yaxud onunla xosagəlməz bir şey baş versə, başını göylərə tutub "bir Təngri" deyir, və bu türkcə "vahid Allahın adına and içirəm" anlamını verir, çünki "bir" türkcə "vahid", "Təngri" isə "Allah" deməkdir" (رسالة ابن فضلان مبعوث الخليفة العباسي المقتدر الى بلاد الصقالبة : عن رحلته الى بلاد الترك و الخزر و الصقالبة و الروس و اسكندينافيا فى القرن العاشر الميلادى).

Monqollar Göy Tanrını "Tenger Etseq" ("Tanrı ata") adlandırır, qədim şumerlər isə Tanrıya "Dingir" deyirdilər. Macarlar dənizi "Tenger" adlandırsalar da, bu sözün "Tanrı" sözü ilə heç bir əlaqəsi yoxdur. Burada "Tenger", "Tanqrı" deyil, "Tengiz" ("dəniz") sözünün qədim hun-buqlar formasıdır.

Səma (yaxud Göy Tanrı) məbədi Min sülaləsi dövründə, 1420-ci ildə, imperator Yun Le tərəfindən inşa edilmişdir.  Məbəd 280 hektarlıq nəhənq ərazini tutur və Ququn imperator sarayları kompleksi yanında yerləşir. Qədimdə burada Göyə sitayişlə bağlı mühümm ümumdövlət tədbirləri keçirilirdi. Təhminən 500 il ərzində Çin imperatorları Səma məbədinə Göy Tanrısına zəngin hədiyyə və qurbanlar bəxş etmək üçün gəlirdilər. Məbəd Çin memarlığının parlaq əsəridir və UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.