image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

HİTLERLƏ MUSSOLİNİNİN İRQ ÜSTÜNDƏ MÜBAHİSƏSİ

14 October, 2018 | Müəllif: admin
Hitler & Mussolini in Munich, 1938.
Hitler və Mussolini Böyük Britaniya və Fransa liderləri ilə Münxen sazişini imzalayarkən. 30 sentyabr 1938-ci il.

Hitler almanları təmizqanlı, başqa irqlərdən üstün "ari" irqinə aid edirdi. Bu, alman nasizmini italyan faşizmindən fərqləndirən əsas cəhət idi. Əvvəlcə Mussolini də italyanları təmiz, başqa millətlərlə qarışığı olmayan ali bir irq elan etmişdi. İtalyan qanının təmizliyini qorumaq üçün italyan kişilərinə efiopiyalı, ərəb və yəhudi qadınlarla evlənməyi qadağan etmişdi. Lakin onun müttəfiqi Hitler italyan irqinin təmizliyi haqqında fikirləri istehza ilə qarşılayırdı. Bir dəfə demişdi ki, italyanlar irqi cəhətdən təmiz olmadığı üçün vuruşa bilmirlər və bu səbəbdən alman ordusu hər dəqiqə onların köməyinə gəlməli olur. Hətta Mussolini kimi böyük şəxsiyyət italyanları olduqlarından artıq edə bilməz.

Bu sözlərdən hiddətlənən qatı italyan millətçisi Mussolini öz növbəsində demişdi: "Alman irqi mövcuddurmu? ...Biz cavab veririk - alman irqi mövcud deyil... Məzəli fakt ondan ibatətdir ki, alman irqinin aliliyini elan edənlərdən heç birisi alman olmayıb. Gobino - fransız, Hyuston Çemberlen - ingilis, Voltman - yəhudi, Lapuj - fransız idi". Vahid millət və vahid dövlət kimi yalnız XIX əsrdə yaranmış, qot, vandal, slavyan, balt və kelt tayfalarının qarışığından formalaşmış alman milləti necə təmizqanlı ola bilər? Mussolini almanları möhtəşəm Roma mədəniyyətini məhv etmiş vəhşi barbar tayfalarının törəmələri sayırdı.

Lakin Mussolini başa düşürdü ki, italyanların təmizqanlı olması ideyası da tənqidə dözmür. Dünya mədəniyyətinin mərkəzlərindən biri kimi İtaliya, minilliklər boyu müxtəlif millətlərin, tayfaların qaynayıb-qarışdığı bir məkan olub. Qədimdə burada etrusklar və latınlar yaşayıb, sonra çoxsaylı yunanlar məskunlaşıb və burada yunan şəhərlərinin əsasını qoyub. Roma imperatorları dünyanın hər yerindən Appenin yarımadasına qul gətirib və onlar tədricən yerli əhali ilə qarışıb. Erkən orta əsrlərdə İtaliya alman tayfaları tərəfindən işğal olunub və sarışın italyanların bir qismi o almanların (lanqobardların, qotların, vandalların) törəmələridir. Qarayanız, qıvrımsaç italyanlar isə X əsrdə yarımadanın cənubunu zəbt etmiş ərəblərin nəvə-nəticələridir.

Hitlerdən xeyli savadlı olan Mussolini bu faktları bilirdi. Ali təhsili olmasa da, ibtidai məktəb müəllimi diplomunu almışdı, bir müddət tarix və incəsənət müəllimi işləyirdi. Sadəcə xalqa ruh vermək üçün italyanların irqi cəhətdən təmizliyi və aliliyi haqqında milli mif yaratmaq istəyirdi. Amma gördü ki, yox, alınmır, çünki bu mif heç inandırıcı deyil. Onda o nəzəriyyəsində bəzi dəyişikliklər etdi. Çıxışlarında deməyə başladı ki, böyük italyan xalqını ilk növbədə qan deyil, daha çox milli italyan ruhu, italyan dili, şanlı tarix və dünyada birinci yer tutan böyük italyan mədəniyyəti birləşdirir.

Bu gün də irqçilər qan təmizliyindən danışanda, Hitlerlə Mussolininin bu mübahisəsi yadıma düşür. Dünyada tam təmizqanlı millətlər, demək olar ki, yoxdur. Bəzi uzaq adalarda, əlçatmaz dağlarda minilliklər boyu başqa insanlardan təcrid halında yaşayan kiçik xalq və tayfalardan başqa. Qonşu xalqlarla təmasda olan millətlər isə həmişə bu və ya digər dərəcədə qarışıq olur. Xüsusən geniş əraziləri fəth etmiş və böyük imperiyalar yaratmış xalqlar. Ona görə də hər hansı millətin nümayəndələrini bir-birinə bağlayan tək qan birliyi deyil, daha çox dil, mədəniyyət birliyi və vətənpərvərlik hissləridir. Müxtəlif millətləri bir-birinə bağlayaran amil isə ümumbəşəri dəyərlərdir. Böyük dünya dinlərinin heç birində, nə xristianlıqda, nə də islamda irqçilik yoxdur. İrqçilik, qan təmizliyi, ali irq haqqında nəzəriyyələri rəsmi dövlət ideologiyası səviyyəsinə qaldıran ölkə və xalqların sonu isə adətən faciəvi olur.