image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

TƏSADÜFİ OXŞARLIQ, YOXSA
MƏQSƏDYÖNLÜ BƏNZƏTMƏ?
GÖYGÖZ KOSA VƏ QACAR

26 Fevral, 2016 | Müəllif: admin
image 1
"Bir qalanın sirri" filmi. Andrey Fayt Göygöz Kosa rolunda.

SSRİ dövründə Azərbaycan uşaqlarının böyük maraqla izlədiyi "Bir qalanın sirri" filmi (1959) mahir sənətkar - rəssam, ssenarist, rejissor, operator - Əlisəttar Atakişiyevin şah əsərlərindən biridir. Filmin ən mənfi personajını, zalım və cadugar Göygöz Kosa obrazını yəhudi əsilli rusiyalı aktyor Andrey Fayt məharətlə yaradıb. Bu aktyor həm də "Ələddinin sehirli lampası" filmində Məğribli Cadugər rolunu oynamışdır.

Çox adamın fikir vermədiyi maraqlı fakt ondan ibarətdir ki, Göygöz Kosa burada Ağa Məhəmməd xan Qacara çox oxşayır - həm sifət, həm də qeyim baxımından. Çox güman ki, rejissor bu obrazı yaradarkən Ağa Məhəmməd xanı prototip kimi seçmişdir.

Sözsüz ki, SSRİ-də Ağa Məhəmməd xanın obrazı ideoloji məqsədlərlə demonizə edilmişdir. Göygöz Kosa obrazında tarixi personajla birbaşa analogiya var: fiziki oxşarlıq, qiyafət, xasiyyət, davranış. Ona da qeyd edək ki, Ağa Məhəmməd xan bu bölgədə yeganə kosa hökmdar olub.

Azərbaycan tarixi ədəbiyyatında da Ağa Məhəmməd xana münasibət nə keçmişds birmənalı olub, nə də indinin özündə birmənalıdır. O, gah böyük türk sərkərdəsi, İranda türk-Azərbaycan mənşəli Qacar sülaləsinin banisi kimi, gah da ki, Azərbaycan xanlıqlarına qarşı amansız mübarizə aparmış qəddar işğalçı kimi təqdim olunur. Bu ixtilaflar Azərbaycan tarixşünaslığında tariximizlə bağlı müxtəlif təzadlı görüşlərin mövcudluğu və vahid bir konsepsiyanın tam formalaşmaması ilə əlaqədardır.

Filmin süjeti Ağa Məhəmməd xanla bağlı olmasa da, onu yaradanlar zalım cadugar Göygöz Kosanı öz qəddarlığı və amansızlığı ilə fərqlənən Qacar hökmdarına bənzətməyə çalışıblar.

Ağa Məhəmməd xanın qəddarlığına gəlincə, o doğrudan da amansız hökmdar olub, və bunun obyektiv psixoloji səbəbləri mövcuddur. Ağa Məhəmməd xan uşaqlıqda Kərim xan Zəndin əmri ilə axtalandığına görə, uzun müddət insanlar tərəfindən ələ salınırdı. Onun üzünə bir təhkiramiz sözlər deməyə qorxsalar da, qıraqrda onu "Axta xan" adlandırıb ələ salırdılar. Bütün bunlar Ağa Məhəmməd xanın həyatdan küsməsinə, qəddarlaşıb azğınlaşmasına səbəb olan amillərdən biri idi. Xan onu axtalamış cəmiyyətdən sanki qisas alırdı və, təəssüf ki, günahsız insanlar bu qisasın qurbanı olurdular.

Aşağıda: Ağa Məhəmməd xan Qacarın cavanlıq illərini əks etdirən tarixi qravüra.

image 1
Aşağıda: Ağa Məhəmməd xan Qacar. Naməlum rəssam, 1820-ci illər.

image 1